"AZCON Holding" şirkətlərindən olan "Bakı Metropoliteni" QSC tərəfindən avqustun 15-dən Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlanılır.
"Bu barədə "PostMedia"ya qurumdan məlumat verilib.
Məlumatda deyilir ki, tikinti işləri ilə əlaqədar təxminən 10-11 ay müddətində "Nizami–28 May" mənzilində qatarların hərəkəti dayandırılacaq.
Layihə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində həyata keçirilir.
Layihənin əsas məqsədi Qırmızı və Yaşıl xətlər arasında mövcud asılılığı aradan qaldırmaq, stansiyalarda sərnişin sıxlığını azaltmaq, qatarlararası intervalı minimuma endirmək və metro nəqliyyatının dayanıqlılığını artırmaqdır.
Hazırda "28 May" stansiyasında müxtəlif istiqamətlərə hərəkət edən sərnişinlər eyni platformadan istifadə etdiyindən, xüsusilə pik saatlarda ciddi sıxlıq yaranır. Layihə başa çatdıqdan sonra "İçərişəhər" istiqamətində hərəkət edən sərnişinlər "28 May", "Dərnəgül" istiqamətinə gedən sərnişinlər isə "Cəfər Cabbarlı" stansiyasının platformasından istifadə edəcəklər.
Bununla yanaşı, "28 May" və "Cəfər Cabbarlı" stansiyalarını birləşdirən ikinci sərnişin keçidinin tikintisi də yekunlaşmaq üzrədir. Yeni keçid sərnişinlərin stansiyalar arasında daha rahat və sürətli hərəkətinə imkan yaradacaq.
Layihə çərçivəsində Yaşıl xəttə xidmət göstərəcək "Dərnəgül" elektrik deposunun tikintisinin ikinci mərhələsi başa çatmaq üzrədir. Bunun ardınca "Cəfər Cabbarlı–Nizami" mənzilini birləşdirəcək yeni tunellərin inşasına başlanılacaq.
Tikinti müddətində metroda hərəkət aşağıdakı qaydada təşkil ediləcək:
Tikinti işləri tamamlandıqdan sonra Qırmızı ("İçərişəhər–Həzi Aslanov") və Yaşıl ("Dərnəgül–Xətai") xətləri tam müstəqil infrastruktur əsasında fəaliyyət göstərəcək.
Yaşıl xətt üzrə qatarlar "Dərnəgül" stansiyasından başlayaraq "Cəfər Cabbarlı" vasitəsilə "Xətai" stansiyasınadək fasiləsiz hərəkət edəcək və bu xətt üzrə qatarlararası interval 3 dəqiqə 30 saniyəyə enəcək. Bununla da hazırda "Cəfər Cabbarlı–Xətai" sahəsində tətbiq olunan 8 dəqiqəlik gözləmə intervalı aradan qalxacaq.
Növbəti mərhələdə "Y-15" stansiyasına qədər tunellərin və dönmə infrastrukturunun tikintisi başa çatdıqdan sonra Yaşıl xətt üzrə intervalın 2 dəqiqəyədək azaldılması mümkün olacaq.
Qırmızı xətt üzrə isə "İçərişəhər" dönmə kamerasının tikintisi davam etdirilir və layihənin 2028-ci ilin ikinci yarısında tamamlanması planlaşdırılır. Həmin infrastruktur istifadəyə verildikdən sonra hər iki xətt üzrə qatarlararası intervalın 2 dəqiqəyədək azaldılması mümkün olacaq.
Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi Bakı metrosunun inkişafı baxımından strateji əhəmiyyət daşıyır və sərnişinlər üçün daha rahat, etibarlı və dayanıqlı nəqliyyat xidmətinin təmin edilməsinə xidmət edəcək.
"Bakı Metropoliteni" QSC tikinti dövründə yarana biləcək müvəqqəti narahatlıqlarla əlaqədar sərnişinlərdən anlayış və səbir nümayiş etdirmələrini xahiş edir.