İraq və Türkiyə İraq neftinin Türkiyənin Aralıq dənizi sahilində yerləşən Ceyhan limanına nəqlini təmin edən Kərkük–Ceyhan neft kəməri vasitəsilə ixracın artırılması barədə saziş imzalayıb.
"PostMedia" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Razılaşmaya əsasən, qüvvədə olma müddəti bir il olan saziş çərçivəsində neft kəməri ilə gündə ən azı 750 min barel neft ixrac ediləcək. Paralel olaraq tərəflər energetika, elektrik enerjisi və su ehtiyatları sahələrində əməkdaşlığı əhatə edən daha genişmiqyaslı saziş hazırlamağı planlaşdırırlar.
Qərar ABŞ ilə İran arasında fevral ayında başlayan müharibədən sonra Hörmüz boğazında gəmiçiliyin pozulması fonunda qəbul edilib. Münaqişədən əvvəl İraq gündə təxminən 3,5 milyon barel neft ixrac edirdi və bunun əsas hissəsi Fars körfəzində yerləşən cənub terminalları vasitəsilə həyata keçirilirdi.
Kərkük–Ceyhan neft kəməri 2023-cü ildən, İraq Kürdüstanından ixracın hüquqi və kommersiya mübahisələri səbəbindən dayandırılmasından sonra faktiki olaraq istifadə olunmurdu. Ötən il nəql qismən bərpa olunsa da, yeni razılaşmanın ixrac həcmlərini əhəmiyyətli dərəcədə artıracağı gözlənilir.
İraqın Baş naziri Əli əz-Zaidi bu razılaşmanı ölkənin neft ixracının dayanıqlığını təmin etmək və Türkiyə ilə iqtisadi əməkdaşlığı gücləndirmək baxımından “mühüm strateji addım” adlandırıb.
İraq Yaxın Şərqdə dövlət büdcəsinin əsas hissəsini neft gəlirləri hesabına formalaşdıran ölkələrdən biridir. Perspektivdə Bağdad ölkənin cənub bölgələrini qərb əraziləri vasitəsilə Türkiyə və Suriyanın Aralıq dənizi sahilləri ilə birləşdirəcək yeni neft kəmərlərinin tikintisini də nəzərdən keçirir.