6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

MƏHKƏMƏ | Maraqlı

Mask "Twitter" adının istifadəsinə məhkəmə yolu ilə qadağa qoydurub

04-sentyabr-2026, 23:50
Mask "Twitter" adının istifadəsinə məhkəmə yolu ilə qadağa qoydurub
Yazı Ölçüsü:

İlon Maskın "X" şirkəti sosial media sahəsində fəaliyyət göstərən "Operation Bluebird" startapı ilə "Twitter" əmtəə nişanı ilə bağlı məhkəmə çəkişməsinə başlayıb. ABŞ-nin Delaver ştatında federal məhkəmə işə baxıldığı müddətdə startapa "Twitter" adından istifadə etməyi qadağan edib.

"PostMedia" "Reuters"ə istinadən yazır ki, məhkəmə Maskın şirkətinin iddiası əsasında "Operation Bluebird"ə öz platforması üçün "Twitter" adından, həmçinin bu adla əlaqəli digər əmtəə nişanlarından istifadə etməyi müvəqqəti olaraq qadağan edib.

Məhkəmə bu qərarı "Operation Bluebird"in "Twitter" adından istifadəsinin istehlakçıları çaşdıra və "X" şirkətinin əmtəə nişanı hüquqlarını poza biləcəyi qənaətinə əsasən qəbul edib.

Hakim startap nümayəndələrinin "X"in Maskın 2022-ci ildə sosial şəbəkənin adını "Twitter"dən "X"ə dəyişməsindən sonra bu ada dair hüquqlarından imtina etdiyi barədə arqumentini də rədd edib.

Bununla belə, hakim "X" şirkətinin "tweet" sözü və mavi quş loqosuna dair hüquqlarından imtina etdiyini bildirib. Qərarda Maskın "bütün quşlarla vidalaşacağıq" və "Twitter" loqosunu binadan qaynaq lampaları ilə kəsib çıxaracağıq" kimi açıqlamalarına da istinad edilib.

"Operation Bluebird" dekabr ayında ABŞ Patent və Əmtəə Nişanları İdarəsinə müraciət edərək "Twitter" adı ilə qeydiyyatdan keçmiş federal əmtəə nişanlarının ləğv edilməsini tələb edib. Startap "X"in həmin nişanlardan imtina etdiyini iddia edib və rəqib sosial media platformasında bu nişanlardan istifadə etmək niyyətində olduğunu bildirib.

Daha sonra startap "Twitter" adına öz əmtəə nişanını qeydiyyatdan keçirmək üçün ayrıca müraciət edib.

Bunun ardınca "X" şirkəti "Operation Bluebird"ə qarşı məhkəməyə müraciət edib. Şirkət iddiasında "Twitter" brendinin hələ də qüvvədə olduğunu və başqaları tərəfindən mənimsənilməyə hazır olmadığını bildirib. "X" "Operation Bluebird"in adı "ələ keçirmək" cəhdini əmtəə nişanı hüquqlarının pozulması kimi qiymətləndirib.

Qeyd edək ki, məhkəmə "X" şirkətinin "Twitter" adından istifadə ilə bağlı mövqeyini ilkin mərhələdə dəstəkləsə də, "Twitter"in mavi quş loqosunun istifadəsinə qoyulması tələb edilən qadağanı rədd edib.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930