Qazaxıstan Daxili İşlər Nazirliyi narkotik vasitələrin hazırlanması və yayılmasının qarşısının alınması məqsədilə aviasiyanın da cəlb olunduğu "Karasora-2026" profilaktik əməliyyatı keçirir. Tədbir çərçivəsində 21 ton qanunsuz maddə müsadirə edilib.
"PostMedia" xəbər verir ki, bu barədə Qazaxıstan DİN-in media mərkəzindən bildirilib.
Məlumata görə, əməliyyat zamanı ölkənin cənubunda yerləşən Çu vadisinə xüsusi diqqət yetirilib.
Nazirliyin məlumatında qeyd olunub ki, 60 min hektardan çox ərazini əhatə edən Çu vadisi narkotik dövriyyəsi ilə məşğul olan cinayətkarların diqqətini cəlb edir. Əməliyyat zamanı pilotsuz uçuş aparatlarından, aviasiyadan və kosmik monitorinq imkanlarından fəal şəkildə istifadə olunur.
Qazaxıstan DİN-in məlumatına görə, əməliyyatın üç ayı ərzində narkotik vasitələrlə bağlı 2 mindən çox hüquq pozuntusunun qarşısı alınıb, 4 mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib və 21 ton narkotik vasitənin dövriyyəyə buraxılmasına imkan verilməyib.
"256 halda narkotik tərkibli bitkilərin becərilməsi faktı qeydə alınıb, onlarla narkotik plantasiyası məhv edilib. Yaşayış məntəqələrində narkotik tərkibli bitkilərin süni şəkildə yetişdirilməsi üçün nəzərdə tutulmuş 25 fitolaboratoriya ləğv edilib. Əməliyyat-profilaktik tədbirlər davam edir", - Qazaxıstan DİN-dən bildirilib.
Çu çayının vadisi Qazaxıstan və Qırğızıstan ərazilərində yerləşir. Qazaxıstanda çay Cambul və Türküstan vilayətlərindən keçir.
KİV-lər Çu vadisini tez-tez bitki mənşəli narkotiklərin kütləvi istehsal olunduğu ərazi kimi təqdim edir. "Tengrinews" portalı 2014-cü ildə polis əməkdaşlarının alimlərlə birlikdə vadidə yabanı çətənə plantasiyalarının herbisidlərlə məhv edilməsi və daha sonra həmin ərazilərdə yem bitkilərinin əkilməsi imkanlarını araşdırdığını yazmışdı.