İran bəyan edib ki, qonşu ölkələr ABŞ sanksiyaları çərçivəsində İran təyyarələrini qəbul etməyi dayandırarsa, onların hava limanlarının fəaliyyətini poza bilər.
"PostMedia" xəbər verir ki, bunu ölkənin dövlət televiziyasına müsahibəsində İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi deyib.
“Əgər ABŞ-ın tərəfinə keçsəniz, biz əllərimizi qoynumuza qoyub oturmayacağıq. Əgər qonşu ölkələr İran reyslərini dayandırmaq üçün ABŞ-a qoşularsa, həmin ölkələrin hava limanlarında da uçuşlar olmayacaq”, – Rzayi bildirib.
O, Tehranın konkret olaraq hansı addımları atmağı planlaşdırdığını və xəbərdarlığın hansı ölkələrə aid olduğunu açıqlamayıb.
Bu açıqlama ABŞ maliyyə naziri Skott Bessentin İran aviasiyasına qarşı sanksiya təzyiqinin genişləndirildiyini elan etməsindən sonra səslənib. Onun sözlərinə görə, ikinci dərəcəli sanksiyalar və dollar sistemindən kənarlaşdırılma təhdidi ilə xarici hava limanlarına və xidmət şirkətlərinə İran təyyarələrinə yanacaq doldurmaq, yerüstü xidmət göstərmək və həmin təyyarələrə bilet satmaq qadağan edilir.
Məhdudiyyətlərin qüvvəyə minməsindən sonra Tehrandan Bağdad və Maskata uçuşlar ləğv edilib. İranın aviasiya qurumları İraqın paytaxtına uçuşların Nəcəf hava limanı vasitəsilə həyata keçirilməsi imkanını müzakirə etməyə başlayıb.
Bununla yanaşı, beynəlxalq marşrutların bir hissəsi fəaliyyətini davam etdirib. İran aviaşirkətləri Çin, Türkiyə, Ermənistan və BƏƏ-yə həyata keçirilən bəzi reysləri qoruyub saxlayıb.