Sentyabrın 9-na keçən gecə Ukraynaya məxsus pilotsuz uçuş aparatları Rusiyanın ən böyük dəniz limanının yerləşdiyi Novorossiysk şəhərinə hücum edib.
"PostMedia" xəbər verir ki, bu barədə şəhər rəhbəri Andrey Kravçenko "Telegram" kanalında məlumat yayıb.
"PUA qalıqlarının müəssisələrin ərazisinə və yaşayış binasının yaxınlığına düşdüyü məlumdur. İlkin məlumatlara görə, xəsarət alan yoxdur", - o bildirib.
"Astra" şahidlərin çəkdiyi görüntüləri araşdırdıqdan sonra hücumun Novorossiysk dəniz ticarət limanının tərkibinə daxil olan mazut terminalına yönəldiyini müəyyənləşdirib. Terminal dəmir yolu ilə daşınan mazutun qəbul edilməsi, saxlanması və dəniz gəmilərinə yüklənməsi üzrə ixtisaslaşıb. Onun illik ötürmə gücü təxminən 4 milyon ton təşkil edir.
Ukraynanın "Dnipro Osint" monitorinq kanalının məlumatına görə, hücum nəticəsində azı bir yanacaq çəninə ziyan dəyib. Yerli sakinlərin yaydığı görüntülərdə terminalın ərazisində güclü yanğın baş verdiyi görünür. "Astra"nın məlumatına görə, Volqoqradskaya küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında da yanğın başlayıb.
Avqust ayında Ukrayna Silahlı Qüvvələri Novorossiysk dəniz limanına zərbələri gücləndirib. Rusiya taxıl ixracının üçdə birinədək hissəsi bu liman vasitəsilə həyata keçirilir. Həmçinin liman üzərindən dünya bazarlarına neft, metal və konteyner yükləri göndərilir.
Xüsusilə "Şeskharis" terminalı vasitəsilə gündə 600-700 min barel neft ixrac edilirdi. Ümumilikdə, 2025-ci ildə limandan 19,8 milyon ton neft məhsulu ixrac olunub. Avqustun 15-də Novorossiyskə hücumdan sonra "Reuters"ə danışan mənbələrin sözlərinə görə, terminal vasitəsilə neft tədarükü müvəqqəti dayandırılıb.
Ukrayna Silahlı Qüvvələri Baltik dənizində yerləşən Rusiyanın ən böyük dəniz limanı olan Ust-Luqaya da zərbələr endirib. Liman sonuncu dəfə sentyabrın 1-də hücuma məruz qalıb.
Ust-Luqa neft, nafta, mazut, aviasiya kerosini və qazoylun ixracında mühüm rol oynayır. "Reuters"in məlumatına görə, 2025-ci ildə liman vasitəsilə neft ixracı gündə təxminən 700 min barel təşkil edib. Neft məhsullarının ümumi ixrac həcmi isə 32,8 milyon ton olub.
Ukraynanın Rusiyanın neft və digər ixrac infrastrukturlarına zərbələri Moskvanın gəlirlərini azaltmaq və müharibənin maliyyələşdirilməsi imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyır.