6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

"Toyota"nı qlobal avtomobil nəhənginə çevirən şirkətin keçmiş rəhbəri Hiroşi Okuda 93 yaşında vəfat edib

12-avqust-2026, 02:15
"Toyota"nı qlobal avtomobil nəhənginə çevirən şirkətin keçmiş rəhbəri Hiroşi Okuda 93 yaşında vəfat edib
Yazı Ölçüsü:

"Toyota Motor Corporation" şirkətinin direktorlar şurasının keçmiş sədri Hiroşi Okuda 93 yaşında vəfat edib.

"PostMedia" xəbər verir ki, bu barədə "Kyodo News" məlumat yayıb. Onun ölüm səbəbi hələlik açıqlanmayıb.

Reuters-in qeyd etdiyi kimi, Okuda "Toyota"nın qurucu ailəsinə mənsub olmayan azsaylı rəhbərlərindən biri olub. 1995-ci ildə "Toyota"ya rəhbərlik edən Okuda şirkətin xaricdə istehsalını genişləndirməsində və yapon avtomobil istehsalçısının dünyanın aparıcı şirkətlərindən birinə çevrilməsində mühüm rol oynayıb.

Şirkətin prezidenti vəzifəsində çalışdığı dövrdə Okuda Yaponiyanın ixracının azalması və yenin möhkəmlənməsi ilə üzləşib. Buna cavab olaraq o, əsas xarici bazarlarda istehsal güclərinin yaradılmasına diqqət yetirib və bu, satışların əhəmiyyətli dərəcədə artmasına imkan verib. Onun rəhbərliyi dövründə Prius hibrid avtomobilinin hazırlanması da sürətləndirilib və avtomobil ilkin plandan bir il əvvəl — 1997-ci ildə bazara çıxarılıb.

1996-cı ildə Okuda mühəndislik xərclərinin azaldılmasını və ixracdan asılılığın aşağı salınmasını, istehsalın birbaşa əsas xarici bazarlara köçürülməsini nəzərdə tutan Vision 2005 strategiyasını işə salıb. Sonrakı 10 il ərzində "Toyota"nın xarici satışları iki dəfədən çox artıb, şirkətin qlobal satışları isə 67% yüksəlib.

Okuda şirkət rəhbərliyini və Toyoda ailəsinin təsirini açıq şəkildə tənqid etməkdən də çəkinməyib. O, xüsusilə "Toyota"nın qurucusunun nəvəsi Akio Toyodanın avtomatik şəkildə rəhbər vəzifəyə yüksəldilməsinə qarşı çıxaraq, onun şirkətə rəhbərlik etmək bacarığını sübut etməli olduğunu, bu vəzifəni yalnız mənşəyinə görə əldə etməməli olduğunu bildirib.

Okuda 1932-ci ildə Mie prefekturasında anadan olub. 1955-ci ildə Toyotaya qoşulub və əmək fəaliyyətinə mühasibatlıq bölməsində başlayıb. 1995-ci ildə o, şirkətdə təxminən 30 il ərzində Toyoda ailəsinə mənsub olmayan ilk rəhbər olub.

1999-cu ildə Okuda "Toyota"nın direktorlar şurasının sədri vəzifəsini tutub və 2006-cı ilə qədər bu postda qalıb. 2002-2006-cı illərdə Yaponiyanın ən böyük biznes assosiasiyası olan Keidanren-ə də rəhbərlik edib. 2012-ci ildə Okuda Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankının prezidenti olub və təxminən bir il bu vəzifədə çalışıb.

Akio Toyoda daha sonra 2009-cu ildə Toyota-nın prezidenti, 2023-cü ildə isə direktorlar şurasının sədri olub.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31