Naməlum şəxslər Böyük Britaniya polisinin məlumat bazasını ələ keçirərək ölkənin güc strukturları və dövlət qurumlarında çalışan 114 min əməkdaşın adını, əlaqə məlumatlarını və yerləşmə məlumatlarını "darknet"də yayımlayıblar.
"PostMedia" xəbər verir ki, bu barədə "The Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.
"Nəşr haker hücumundan zərər çəkmiş əməkdaşlardan birinin sözlərini sitat gətirib: "Mən mütəşəkkil cinayətkarlıqla bağlı işləri araşdırır və yüksək vəzifəli şəxslərin həbsinə nail olurdum. Məxfi məlumatların sızması ciddi narahatlıq doğurur və polis əməkdaşlarını böyük təhlükə altına qoyur".
Qəzetin məlumatına görə, hakerlər Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Cinayətkarlıqla Mübarizə Agentliyi və Kral Prokurorluq Xidmətinin əməkdaşlarına dair məlumatlara çıxış əldə ediblər. Bu isə çox sayda əməkdaşın təhlükəsizliyini risk altına salır.
Nəşr qeyd edib ki, məsuliyyəti daha əvvəl Böyük Britaniyanın Təhsil Nazirliyinin sisteminə edilən kiberhücum nəticəsində təxminən 600 min məxfi məlumatın oğurlanması ilə əlaqələndirilən haker qrupu üzərinə götürüb. Bildirilib ki, hadisə ilə bağlı araşdırmanı Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Şimal-Şərq Regional Bölməsi aparır.