İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi bildirib ki, Hörmüz boğazında İranın zərbələrinə məruz qalan gəmilər neft və ya qaz deyil, ABŞ üçün silah və sursat daşıyıb.
"Postmedia" xəbər verir ki, bu barədə o, IRIB-ə müsahibəsində qeyd edib.
"Amerikanın hərbi gəmilərinin neft və ya mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan iri gəmilərin yanında hərəkət etdiyi müşahidə olunub", - deyə o bildirib.
Bəqayinin sözlərinə görə, İranın nəzarət zonasından kənarda qalmaq məqsədilə ABŞ hərbçiləri izləmə sistemlərini söndürərək, hərbi qüvvələri, texnikanı və silahları ticarət gəmiləri ilə daşıyıblar.
O bildirib ki, ABŞ-nin bu addımları İslamabad memorandumunun 5-ci bəndinə ziddir.
"ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) hərbi gəmisi cənub istiqamətində icazəsiz marşrutla hərəkət edərək mayeləşdirilmiş təbii qaz daşıyan iri gəminin arxasında gizlənib. Bu, təkcə təhlükəli keçid deyildi, həm də ABŞ-nin müharibənin dayandırılması ilə bağlı razılaşmadan sui-istifadə etmək və İrana qarşı düşmən fəaliyyətləri üçün şərait yaratmaq niyyətinin açıq göstəricisi idi", - deyə Bəqayi bildirib.
İran XİN-in nümayəndəsi qeyd edib ki, Tehranın bununla bağlı etirazından sonra ABŞ hücumlarını gücləndirib.
"Yəni faktiki olaraq onlar razılaşma üzrə üzərlərinə götürdükləri bütün öhdəlikləri tamamilə pozublar", - deyə Bəqayi vurğulayıb.