
Bu iş üzrə adı keçən şəxslərdən biri də Əmrahovun rəhbərlik etdiyi idarənin mühasibatlığında çalışan Arifdir. Arif tenderlərdə qalib gələn şirkətlərdən köçürülən pulları idarə rəisinə çatdırıb. İstintaq materiallarında yazılanlardan görünən odur ki, o, şirkətdə mühüm rol oynayıb. Amma müttəhim bununla da razılaşmayıb, Arifin sadəcə baş mühasibə tender işlərində kömək etdiyini deyib. Onun sözlərinə görə, baş mühasibin tender işlərindən başı çıxmırmış.
Fotoda: Valeh Ələkbərov

Əmrahovun bu sözü həm hakimləri, həm də ittiham tərəfini təəcübləndirib: “Necə yəni mühasib tenderi bilmirdi, elə şey olar? Mühasibin elə ən yaxşı bildiyi iş tenderlə bağlıdır”,-hakim Neymət Məmmədov deyib.
Bu günə qədər daha rahat və ittihamı təbii qarşılayan təqsirləndirilən şəxs prosesin sonunda özündən çıxıb. O, cinayət məsuliyyətinə cəlb edilməsinə şərait yaradanların olduğuna işarə edərək lazım gəlsə, hər şeyi danışacağını deyib: “Bakı şəhərindəki bütün təcili yardım avtomobilləri dəyişdi. Bunun təşəbbüskarı mənəm. Bundan əlavə, onkoloji xəstəliklər və şəkərli diabet xəstəlikləri ilə bağlı layihənin rəhbəri də mən olmuşam. Səhiyyə naziri Teymur Musayev həmin layihələrə görə mənə təşəkkür edib. Bunlar niyə deyilmir? İndi qatil, cani olmuşam. Bilin ki, bu gün Səhiyyə Nazirliyi ayaqdadırsa, nə isə…”.
Bundan sonra proses başa çatıb. Hakimlər məzuniyyətə getdiyindən növbəti iclas sentyabrın 21-i olacaq.
Qeyd edək ki, M.Əmrahov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. O, ibtidai istintaq boyu azadlıqda olub. Lakin ilk məhkəmə iclasında dövlətə dəymiş ziyanın hələ də ödənilmədiyi müəyyən edildikdən sonra hakim öz təşəbbüsü ilə onun həbs edilməsinə qərar verib.