6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Pakistanın polis bölməsinə kamikadze hücumu nəticəsində azı 7 nəfər ölüb

02-avqust-2026, 23:59
Pakistanın polis bölməsinə kamikadze hücumu nəticəsində azı 7 nəfər ölüb
Yazı Ölçüsü:
Pakistanın şimalındakı Svat rayonunda polis bölməsinə kamikadze hücumu nəticəsində azı 7 nəfər həlak olub, 20-dən çox insan isə yaralanıb. İntiharçı partlayıcı qurğunu polis bölməsinin yaxınlığında, həmin vaxt vətəndaş cəmiyyəti aksiyasının keçirildiyi ərazidə işə salıb.
"PostMedia" xəbər verir ki, AFP agentliyinə açıqlama verən Svat rayon polisinin rəis müavini Fida Hüseyn bildirib ki, ölənlər arasında 4 polis əməkdaşı da var. Onun sözlərinə görə, yaralananların bir çoxunun vəziyyəti ağırdır.
Polisin məlumatına görə, terrorçu insanların sıx olduğu yol qovşağının yaxınlığında yerləşən polis bölməsinə daxil olmağa cəhd edib. Lakin o, əsas giriş qapısında saxlanılıb və bundan sonra üzərindəki partlayıcı qurğunu işə salıb.
Hücum Xayber-Paxtunxva əyalətində baş verib. Bölgədə Pakistan təhlükəsizlik qüvvələri son vaxtlar fəallaşan "Təhrik-i-Taliban Pakistan" (TTP) qruplaşmasına qarşı əməliyyatlar həyata keçirir. Xəbərin yayımlandığı vaxta qədər heç bir ekstremist qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.
Bir gün əvvəl Pakistan Silahlı Qüvvələrinin nümayəndəsi ilin əvvəlindən bəri silahlıların hücumları və onlara qarşı keçirilən antiterror əməliyyatları nəticəsində 819 hərbçi və mülki şəxsin həlak olduğunu açıqlamışdı.
İslamabad bu cür hücumlara görə dəfələrlə Əfqanıstan ərazisində fəaliyyət göstərən silahlıları ittiham edib. Kabul hakimiyyəti isə bu ittihamları rədd edir. Son aylarda iki ölkə arasında gərginlik diplomatik münasibətlərin kəskin pisləşməsinə və sərhəddə silahlı toqquşmalara səbəb olub. İyunda Pakistan Əfqanıstanın şərq bölgələrinə hava zərbələri endirdiyini, hədəfin silahlıların bazaları olduğunu bildirsə də, Əfqanıstan hakimiyyəti və BMT həmin hücumlarda onlarla mülki şəxsin öldüyünü açıqlayıb.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31