6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Macarıstanın "Pakş" AES-i 44 ildə ilk dəfə tam dayanıb

02-avqust-2026, 12:12
Macarıstanın "Pakş" AES-i 44 ildə ilk dəfə tam dayanıb
Yazı Ölçüsü:
Macarıstanın "Pakş" Atom Elektrik Stansiyası (AES) Dunay çayında suyun səviyyəsinin kəskin azalması səbəbindən 44 ildə ilk dəfə tam fəaliyyətini dayandırıb.
"PostMedia" xəbər verir ki, bu barədə daha əvvəl Macarıstanın Baş naziri Peter Madyar "Facebook" sosial şəbəkəsində məlumat verib.
"Dunayda suyun səviyyəsinin daha da enməsi səbəbindən son işlək enerji bloku gecə saat 01:30-da dayandırılacaq. Bununla stansiyanın gücü cəmi 240 meqavat olacaq və sabah 44 ildə ilk dəfə tamamilə dayanacaq", – deyə Madyar bildirib.
AES-in fəaliyyəti ona görə dayandırılıb ki, reaktorların soyudulması üçün Dunay çayının suyundan istifadə olunur. Suyun səviyyəsinin kritik həddə enməsi və temperaturunun yüksəlməsi təhlükəsizlik tələblərinə görə stansiyanın istismarını mümkünsüz edir.
"Pakş" AES Macarıstanın yeganə fəaliyyət göstərən atom elektrik stansiyasıdır və ölkənin enerji sistemində əsas rol oynayır. Sovet layihəsi əsasında inşa edilmiş VVER-440 tipli dörd enerji bloku 1980-ci illərdə istismara verilib və ölkədə istehsal olunan elektrik enerjisinin təxminən yarısını təmin edir.
Dunay çayında suyun səviyyəsinin azalması Mərkəzi Avropada uzun sürən isti hava və quraqlığın nəticəsi hesab olunur. Son illərdə çayın dayazlaşması Dunay hövzəsində yerləşən ölkələrin enerji sektoru və gəmiçilik fəaliyyəti üçün dəfələrlə problemlər yaradıb.
Bu, "Pakş" AES üçün ilk belə hadisə deyil. 2022-ci ildə də ekstremal istilər və Dunay suyunun temperaturunun yüksəlməsi fonunda stansiya soyutma sistemi ilə bağlı məhdudiyyətlərlə üzləşmişdi. Həmin vaxt enerji təchizatının sabitliyini qorumaq məqsədilə hakimiyyət orqanları soyutma suyunun Dunaya axıdılmasından sonra icazə verilən temperatur həddinin müvəqqəti artırılmasına razılıq vermişdi.
Stansiyanın hazırkı dayanması iqlim şəraitinin Macarıstanın əsas enerji infrastruktur obyektlərindən birinin fəaliyyətinin birbaşa dayandırılmasına səbəb olduğu nadir hallardan biri kimi qiymətləndirilir.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31