Böyük Britaniyada edam edilən sonuncu qadın olan Rut Ellis ölümündən 70 il sonra şərti əfv alıb.
"PostMedia" xəbər verir ki, bu barədə "BBC News" məlumat yayıb.
Qərar illərdir kampaniya aparan ailə üzvlərinin müraciətlərindən sonra qəbul edilib. Onlar Ellisin uzun müddət məişət zorakılığına məruz qaldığını və məhkəmənin bu amili nəzərə almadığını bildirirdilər.
Rut Ellis 1955-ci ildə Londondakı Holloway həbsxanasında edam edilib. O, sevgilisi Devid Bleyklini Londonun Hampstead rayonundakı pabın qarşısında güllələdiyinə görə qətldə təqsirli bilinmişdi. Məlumata görə, cütlüyün münasibətləri xəyanət və zorakılıqla müşayiət olunurdu.
Ailəsinin iddiasına görə, Bleykli Ellisə dəfələrlə fiziki və psixoloji zorakılıq göstərib. Onların sözlərinə görə, qadın qətldən az əvvəl aldığı zərbə nəticəsində hamiləliyini itirmişdi, lakin məhkəmə bu halları nəzərə almayıb.
Böyük Britaniyanın baş nazirinin müavini Devid Lemmi İcmalar Palatasında bildirib ki, Kral Rut Ellisə şərti əfv verilməsi barədə qərarı təsdiqləyib. O vurğulayıb ki, bu qərar Ellisin qətldə günahsız elan edilməsi anlamına gəlmir. Əfv yalnız ölüm hökmünün ömürlük həbs cəzası ilə əvəz olunmasını nəzərdə tutur və hakimiyyət bunu həmin işdə baş vermiş "dərin ədalətsizliyin" etirafı kimi qiymətləndirir.
Ellisin nəvəsi Laura Enston qərarı ailələrinin 70 il davam edən mübarizəsinin mühüm nəticəsi adlandırıb.
Rut Ellisin işi Böyük Britaniyada ən məşhur məhkəmə proseslərindən biri hesab olunur və 1950-ci illərdə məişət zorakılığı qurbanlarının hüquqlarının məhkəmələr tərəfindən necə qiymətləndirilməsi ilə bağlı geniş ictimai müzakirələrə səbəb olmuşdu.
Qeyd edək ki, Böyük Britaniyada qəsdən adam öldürmə cinayətinə görə ölüm hökmü 1965-ci ildə ləğv edilib.