ABŞ Hərbi Dəniz Qüvvələri iyulun 1-də Ərəb dənizində "MH-60 Sea Hawk" helikopterinin qəzaya uğramasından sonra itkin düşən hərbçinin axtarışlarını dayandırıb.
"PostMedia" xəbər verir ki, buy barədə yulun 5-də "The New York Times (NYT) qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ Hərbi Dəniz Qüvvələri bazar günü çərşənbə günü baş vermiş qəza nəticəsində itkin düşən ekipaj üzvünün axtarış-xilasetmə əməliyyatını rəsmi olaraq başa çatdırıb.
Bildirilir ki, helikopterin digər üç ekipaj üzvü iyulun 1-də növbəti patrul uçuşu zamanı suya məcburi eniş etdikdən qısa müddət sonra xilas ediliblər.
Qəzetin yazdığına görə, Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanması bildirib ki, Hərbi Dəniz və Hərbi Hava Qüvvələrinin şəxsi heyəti 100 saatdan artıq müddətdə 36,3 min kvadrat kilometrdən çox ərazidə axtarış-xilasetmə əməliyyatı aparıb. Lakin nəticə əldə olunmadığı üçün əməliyyat dayandırılıb.
ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığı daha əvvəl, iyulun 1-də bildirmişdi ki, "USS George H.W. Bush" aviadaşıyıcısının tərkibində fəaliyyət göstərən "MH-60S Sea Hawk" hərbi helikopteri Ərəb dənizində suya məcburi eniş edib və ekipaj üzvlərindən biri itkin düşmüş hesab olunur.
Helikopterin göyərtəsində ümumilikdə dörd ekipaj üzvü olub. Onlardan üçü tapılaraq aviadaşıyıcıya təxliyə edilib və vəziyyətlərinin stabil olduğu bildirilib.