ABŞ, Macarıstan və Slovakiya Ukraynanın NATO-ya üzvlüyünə razı olmayacaq – Rutte
18-dekabr-2025
Turan Hüseynli
Yazı Ölçüsü:
ABŞ, Macarıstan və Slovakiya Ukraynanın NATO-ya daxil olmasına razılıq verməyəcək.
"PostMedia" xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte Varşavada jurnalistlərə bildirib.
Alyansın rəhbəri vurğulayıb ki, prinsipial məqam Avro-Atlantika regionundakı istənilən ölkənin NATO-ya üzv olmaq niyyətində ola bilməsidir.
"Söhbət Ukraynanın NATO-ya üzvlüyündən gedirsə, bu həm prinsipial, həm də praktiki elementdir. Prinsipial element ondan ibarətdir ki, Avro-Atlantika regionundakı hər hansı bir ölkə NATO-ya üzv olmaq niyyətinə malik ola bilər. Praktiki məsələ isə ondan xəbər verir ki, Alyansın bir neçə üzvü öz razılığını ifadə etməyəcək, bu isə o deməkdir ki, Ukraynanın NATO-ya qəbulu üçün yekdil razılıq olmayacaq. Bu ölkələr ABŞ, Slovakiya və Macarıstandır", - deyə Rutte bildirib.
Ukraynanın NATO-ya mümkün üzvlüyü məsələsi Rusiya ilə münaqişə başlayandan bəri alyansın gündəliyindəki ən həssas mövzulardan biri olaraq qalır. Kiyev üzvlüklə bağlı rəsmi müraciətini 2022-ci ilin sentyabrında təqdim edib, lakin yeni üzvün qəbulu üçün NATO-nun bütün iştirakçı ölkələrinin yekdil razılığı tələb olunur.
Alyansın bir sıra dövlətləri eskalasiya risklərinə və davam edən hərbi əməliyyatlara istinad edərək Ukraynanın üzvlüyünə ardıcıl olaraq skeptik yanaşdıqlarını bildirirlər.
Macarıstan və Slovakiya daha əvvəl Ukrayna hesabına NATO-nun genişlənməsini dəstəkləmək istəmədiklərini bəyan ediblər. ABŞ-ın mövqeyi isə ondan ibarətdir ki, üzvlük məsələsinə yalnız münaqişə başa çatdıqdan və bütün zəruri meyarlar yerinə yetirildikdən sonra baxıla bilər.