ABŞ Putinin sülh razılaşmasından imtina edəcəyi təqdirdə Rusiya neftinə qarşı yeni sanksiyalar hazırlayır
17-dekabr-2025
Turan Hüseynli
Yazı Ölçüsü:
Donald Tramp administrasiyası Vladimir Putin üzərində təzyiqi artırmaq məqsədilə Rusiya energetika sektoruna qarşı yeni sanksiyalar paketi hazırlayır.
"PostMedia" "Bloomberg"ə istinadən xəbər verir ki, bu sanksiyalar Putin ABŞ tərəfindən hazırlanmış sülh planını qəbul etməkdən imtina edərsə tətbiq oluna bilər.
Yeni sanksiyalar artıq gələn həftə qüvvəyə minə bilər. Onlar “kölgə donanması”na aid gəmiləri, eləcə də Rusiyanın nefti alıcılara çatdırmaq üçün istifadə etdiyi ticarət şirkətlərini hədəfə alacaq.
Agentliyin həmsöhbətlərinin bildirdiyinə görə, Trampın hazırladığı sülh planı hələ də əsas məsələlər üzrə razılaşdırılmayıb. Fikir ayrılıqları Donbasın taleyi (Kremlin onu tam şəkildə tələb etməsi), Zaporojye AES-in gələcəyi, eləcə də Avropada dondurulmuş Rusiya aktivlərinin aqibəti ilə bağlı qalmaqdadır. Sülh planına Ukraynada Avropa hərbçilərinin yerləşdirilməsi də daxildir ki, Rusiya bunu daha əvvəl qəti şəkildə rədd edib.
Bloomberg mənbələrinin qeyd etdiyinə görə, Putinə təzyiq məqsədilə sanksiyaların tətbiqi ilə bağlı yekun qərar hələ verilməyib və bu, Donald Trampdan asılıdır.
ABŞ-ın əvvəlki sanksiyalar mərhələsi oktyabrın sonunda tətbiq olunub və Rusiyanın iki ən böyük neft nəhəngi — “Rosneft” və “Lukoyl"u hədəfə alıb. Bu şirkətlərin payına ölkənin hasilat və ixrac etdiyi neftin hər ikinci bareli düşür. Onların “qara siyahı”ya salınmasına baxmayaraq, bu addımlar Rusiya neftinin ixracını tam iflic etməyib, lakin Rusiya neftinin qiymətləri kəskin şəkildə ucuzlaşıb.
"Argus" nəşrinin məlumatlarına görə, dekabrın ortalarında "Urals" markalı neftin bir bareli Baltik dənizi limanlarında 40,1 dollar, Qara dəniz marşrutu ilə boşaldıldıqda isə 38 dollar qiymətinə satılıb. Sber analitiklərinin hesablamalarına əsasən, "Urals" neftinin "Brent" markasına nisbətən endirimi barel üçün 24–26 dollara çatıb və qiymət 2020-ci ilin minimum səviyyəsinədək enib. Son iki ay ərzində "Urals" üzrə endirimlər 2–3 dəfə artıb, qiymətlər isə 28% azalıb.