ABŞ tərəfindən artan təzyiqlər fonunda Belarus lideri Aleksandr Lukaşenko Venesuela prezidenti Nikolas Maduronu Belarusda yaşamağa dəvət edib.
"PostMedia"nın məlumtına görə, Aleksandr Lukaşenko bildirib ki, Venesuela prezidenti Nikolas Maduro vəzifəsini tərk edəcəyi təqdirdə Belarusda sığınacaq tapa bilər.
Lukaşenko qeyd edib ki, Belarusla Venesuela arasında uzunmüddətli münasibətlər mövcuddur və Maduro istədiyi halda Minskə gələ bilər.
“Maduro bizim üçün heç vaxt düşmən və ya rəqib olmayıb. Əgər o, Belarusa gəlmək istəsə, qapılar onun üzünə açıqdır. Amma sizə səmimi deyim: bu məsələ heç vaxt müzakirə olunmayıb. Maduro qaçan və ya vəzifəsini tərk edən insanlardan deyil. O, çox güclü şəxsiyyətdir”, – deyə Lukaşenko bildirib.
Belarus lideri əlavə edib ki, Venesuela məsələsini və digər mövzuları ABŞ prezidenti Donald Trampla mümkün danışıqlar zamanı müzakirə etməyə hazırdır.
“Mən tam əminəm ki, bu gün Amerika Birləşmiş Ştatlarının bütün məsələləri və bütün istəkləri sülh yolu ilə həll oluna bilər. Düşünürəm ki, yaxın zamanda bu mövzuları Donald Trampla müzakirə edə biləcəyik. Ona çox maraqlı şeylər danışardım. Müharibə heç yerə aparmır”, – deyə Lukaşenko vurğulayıb.
Onun sözlərinə görə, Venesuela ilə müharibə “ikinci Vyetnam” olacaq. Lukaşenkonun fikrincə, Venesuela ilə münaqişə yalnız venesuelalıların Maduronu müdafiə etmək üçün birləşməsinə gətirib çıxaracaq.
“ABŞ-a daxil olan bu qədər narkotikin Venesueladan gəldiyinə inanmıram. Bu məsələdə Trampa inanmıram. Maduro narkoman deyil. Bunu mən dəqiq bilirəm”, – deyə Lukaşenko əlavə edib.