Rusiya üçün Ukrayna ilə davamlı və uzunmüddətli sülhün təmin edilməsi prioritetdir və məqsəd yalnız müvəqqəti atəşkəs deyil.
“PostMedia” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna prezidenti Vladimir Zelenskinin “enerji atəşkəsi”nə hazır olması barədə bəyanatına münasibət bildirərkən deyib.
Peskovun sözlərinə görə, imzalanmış sənədlərə əsaslanan dayanıqlı sülh Moskva üçün tam prioritetdir. O qeyd edib ki, Rusiya Zelenskinin Ukraynada prezident seçkiləri barədə son açıqlamasını Vaşinqtonla müzakirə etməyə hələ vaxt tapmayıb. Bununla belə, Peskov xatırladıb ki, Rusiya prezidenti uzun müddətdir Ukraynada seçkilərin keçirilməsinin vacibliyindən danışır.
Dekabrın 9-u axşam Zelenski jurnalistlərin suallarını cavablandırarkən Rusiyayla enerji sahəsində müvəqqəti anlaşmaya hazır olduğunu bildirib. O həmçinin deyib ki, ölkə iki-üç ay ərzində seçki keçirməyə hazırdır — şərt odur ki, seçicilərin təhlükəsizliyi təmin olunsun. Zelenski əlavə edib ki, Kiyev çərşənbə günü ABŞ-a yenilənmiş sülh planını təqdim edəcək.
Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, Ukraynada prezident seçkilərinin vaxtı çatıb və Ukrayna vətəndaşları bu imkana sahib olmalıdır. Zelenskinin sözlərinə görə, Ukrayna seçkilərə hazırlaşa bilər, lakin bunun üçün ABŞ-dan və Avropa ölkələrindən “təhlükəsizliyin təmin edilməsini” xahiş edir.