20 bənddən ibarət sülh planının Ukrayna variantı üzərində işlər yekun mərhələdədir və sənəd çox yaxın zamanda ABŞ tərəfinə təqdim olunacaq. "PostMedia" “Ukrainskaya Pravda” nəşrinə istinadən xəbər verir ki, bunu Ukraynanın Prezidenti Vladimir Zelenski bildirib.
“Bu günün gündəliyinə müharibədən sonra Ukraynanın bərpası və iqtisadi inkişaf prosesini ətraflı təqdim edəcək sənədlə bağlı Amerika tərəfi ilə müzakirələr daxildir. Paralel olaraq, müharibənin başa çatmasının parametrlərini müəyyən edə biləcək əsas sənədin 20 bəndi üzərində işi tamamlayırıq və sənədi ABŞ-yə, Prezident Trampın komandasına və Avropadakı tərəfdaşlarımızla birgə işimizdən dərhal sonra təqdim etməyi planlaşdırırıq”, – deyə Zelenski bildirib.
O qeyd edib ki, özü və komandası gələcək təhlükəsizliyi təmin etmək və Rusiyanın təcavüzünün təkrarlanmasının qarşısını almaq üçün “çox səmərəli” işləyir. Cümə axşamı “qətiyyətlilər koalisiyası” ilə görüş planlaşdırılıb.
Hazırda əsas məsələlərin müzakirə edildiyini bildirən Zelenski vurğulayıb ki, Rusiyanı qətlləri dayandırmağa necə məcbur etmək və üçüncü dəfə işğala cəhd etməsinin qarşısını konkret olaraq nə ala bilər.
Prezident əlavə edib ki, bu həftə “qan tökülməsinin dayandırılması” ilə bağlı yaxşı xəbərlər gətirə bilər.
“Biz müharibəni dayandırmaq üçün praktiki və real addımların müəyyən edilməsi məqsədilə bütün tərəfdaşlarımızla hər gün, demək olar ki, 24/7 rejimində əlaqə saxlayırıq. Hər şey Ukrayna üçün etibarlı və ləyaqətli olmalıdır”, – deyə Zelenski vurğulayıb.