Avropanın bir sıra ölkələri Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya verilməsini dəstəkləyir
08-dekabr-2025
Turan Hüseynli
Yazı Ölçüsü:
Avropa İttifaqının yeddi ölkəsi – Estoniya, Finlandiya, İrlandiya, Litva, Latviya, Polşa və İsveç Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenə və Avropa Şurasının prezidenti Antoniu Koştaya məktub ünvanlayıblar.
"PostMedia" xəbər verir ki, onlar Ukraynaya reparator kredit verilməsi barədə EK-nin təklifini dəstəkləyiblər. Kreditin Avropa İttifaqında dondurulmuş Rusiya aktivləri hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.
Məktubda vurğulanır ki, bu mexanizm həm maliyyə baxımından məqsədəuyğundur, həm də siyasi olaraq real görünür. Həmçinin qeyd olunur ki, bu yanaşma Ukraynaya qarşı təcavüz nəticəsində dəymiş ziyana görə kompensasiyanın təmin edilməsinin əsas prinsipidir.
Ölkələr hesab edirlər ki, dekabrda keçiriləcək Aİ sammitində qərar qəbul olunarsa, Ukrayna öz müdafiəsini gücləndirmək və “ədalətli və uzunmüddətli sülh” üzrə danışıqlara daha möhkəm mövqedən çıxış etmək imkanı əldə edəcək.
"Politico" yazır ki, mümkün reparator kreditinin ən böyük zəmanətçisi Almaniya olacaq. Nəşrin məlumatına görə, Brüssel Berlinin 50 milyard avrodan çox məbləğə təminat verməsinə ümid edir. Bu addım Belçikanı Euroclear sistemində dondurulmuş 185 milyard avroluq Rusiya aktivlərini Ukraynaya yönləndirməyə inandıra bilər. Fransanın və İtaliyanın da müvafiq olaraq 34 milyard və 25 milyard avroya zəmanət verəcəyi ehtimal olunur.