Ukraynanın Təhlükəsizlik Xidməti ilk dəfə olaraq noyabrın 28-də Qara dənizdə Rusiyanın Novorossiysk limanına neft daşıyan və sanksiya altında olan iki tankerin vurulmasını özlərinin təşkil etdiyini etiraf edib. “The Wall Street Journal” (WSJ) yazır ki, əslində beynəlxalq sularda bu “gizli dəniz savaşı” aylardır davam edir və ekspertlərin fikrincə, Ukraynanın Rusiya neft sənayesinə qarşı açdığı ikinci enerji cəbhəsi genişlənməkdədir.
Məlumata görə, yalnız noyabrın 28-dəki hücumlarla kifayətlənməyən Ukrayna qüvvələri 2024-cü il dekabrın 23-də Rusiyaya məxsus və ya Rusiya ilə əlaqəli ən azı yeddi tankerdə partlayışa səbəb olub. Dəniz təhlükəsizliyi üzrə mütəxəssislər və açıq mənbələr üzrə analitiklər həmin tankerlərdə Ukraynanın izlərini aşkarladıqlarını bildiriblər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vəziyyəti şərh edərək deyib ki, Rusiya-Ukrayna müharibəsi Qara dənizdə naviqasiya təhlükəsizliyi üçün ciddi risk yaradıb.
Hücumlar yalnız Qara dənizlə məhdudlaşmır. Baltik dənizində iki insident baş verib.
O cümlədən iyulda Ust-Luqa limanında ammonyak daşıyan “Eco Wizard” tankerinin partladılması da bu qəbildəndir.
Daha iki hadisə Liviya sahillərində qeydə alınıb.
Burada Rusiya general Xəlifə Haftarla əlaqələrdən istifadə edərək neft məhsullarını Avropaya qaçaq yolla çıxarır. Ukrayna hərbi kəşfiyyatı yayda öz saytında bir milyon barel neft daşıyan “Vilamoura” tankerinin partladılması barədə məlumat vermişdi. Bundan başqa, Aralıq dənizinin müxtəlif hissələrində, İspaniya ilə Əlcəzair arasında, həmçinin İtaliya və Türkiyə sahilləri yaxınlığında üç fərqli insident yaşanıb.
“WSJ”a danışan enerji eksperti, Oksford Universitetinin əməkdaşı Adi İmsiroviç bildirib ki, Ukrayna Rusiyaya iqtisadi zərbə vurmaqla onu danışıqlar masasına gətirməyə çalışır və dənizdəki hücumlar bu strategiyanın tərkib hissəsidir.
Ukraynanın Təhlükəsizlik Xidməti təsdiqləyib ki, noyabrın 28-də Kairos və Virat tankerlərinə hücum əməliyyatı xidmətin 13-cü Baş İdarəsi və Ukrayna Hərbi Dəniz Qüvvələri tərəfindən birgə həyata keçirilib. Xidmət nümayəndəsi “Financial Times”a bildirib ki, bu hücumlar Rusiyanın neft tədarükünə “ciddi zərbə” vurub, tankerlər ağır zədələnərək sıradan çıxıb.
Bundan başqa, noyabrın 29-da Seneqal sahillərində Rusiyaya məxsus “Mersin” tankerində dörd partlayış qeydə alınıb. Tanker sanksiya altında olmasa da, 2023-cü ilin sonundan bəri Rusiyanın limanlarına mütəmadi səfərlər edib və ötən ildən yalnız Rusiya yükü daşıyır. Tankerin AIS siqnallarını dəfələrlə manipulyasiya edərək real marşrutunu gizlətməsi də qeyd olunub.
Dekabrın 2-də isə Türkiyə sahillərində günəbaxan yağı daşıyan “Midvolga 2” tankerinə hücum olub. Heyət xəsarət almayıb. Ukrayna bu insidentə aidiyyəti olmadığını bildirib.
Son hücumlar artıq Rusiyanın dəniz nəqliyyatına konkret təsir göstərməyə başlayıb. Mersin tankerinin sahibi olan türk şirkəti təhlükəsizlik risklərinin sürətlə artdığını bəyan edərək Rusiyanın maraqlarına aid reysləri dayandırdığını açıqlayıb. Bundan əlavə, Rusiyanın Qara dəniz limanlarına üzən gəmilər üçün yeddi günlük hərbi risk sığortası dərəcəsi 0,65–0,8%-ə yüksəlib. Bu göstərici ötən həftə 0,6% idi.
Ukraynanın dənizdəki hücumları ekspertlərin fikrincə, Kiyevin Rusiyanın sabit enerji infrastrukturundan əlavə olaraq neft ixrac sisteminin mobil elementlərini də hədəfə alma strategiyasının genişləndirildiyini göstərir. Polşanın “Rochan Consulting” şirkətinin direktoru Konrad Muzika bildirir ki, bununla həm ekoloji, həm də siyasi risklər azaldılır.
Avqustdan bəri Ukrayna Rusiyanın enerji obyektlərinə hücumları əhəmiyyətli dərəcədə artırıb. “Financial Times”ın hesablamasına əsasən, Ukrayna noyabr ayında Rusiyaya orta hesabla gündə 180 pilotsuz uçuş aparatı göndərib və onların xeyli hissəsi neft emalı zavodları ilə neft terminalarını hədəfə alıb.