Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranda inspeksiya fəaliyyətinin yenidən başlanması üçün Tehranla əməkdaşlığı tam şəkildə bərpa etməyi planlaşdırır.
"PostMedia" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə agentliyin baş direktoru Rafael Qrossi çərşənbə axşamı Manilada çıxışı zamanı bildirib.
Qrossi bu açıqlamanı 35 ölkədən ibarət MAQATE-nin İdarə Heyətinin qəbul etdiyi qətnamədən sonra səsləndirib.
Qətnamədə xüsusilə qeyd olunur ki, İran zənginləşdirilmiş uran ehtiyatları və bombalanmış nüvə obyektlərinin vəziyyəti barədə “təcili” məlumat verməlidir.
Bir neçə gün əvvəl İranın xarici işlər naziri Abbas Araqçi MAQATE İdarə Heyətinin qəbul etdiyi anti-İran qətnaməsinə sərt reaksiya verib.
Qətnamə üç Avropa ölkəsi və ABŞ tərəfindən təşəbbüs edilib və Araqçinin vurğuladığı kimi, “əleyhinə” və bitərəf qalan 15 üzvə baxmayaraq, həmin dörd dövlətin təzyiqi altında qəbul olunub.
Araqçi bəyan etmişdi ki, həmin ölkələr “Agentliyin nüfuzunu və müstəqilliyini şübhə altına alıblar və MAQATE ilə İran arasında əməkdaşlıq prosesini pozublar”, həmçinin Tehranın konstruktiv mövqeyini və əməkdaşlığını nəzərə almayıblar.
O bildirib ki, İranla MAQATE arasında təminatlar sahəsini tənzimləyən və “Qahirə razılaşması” adlanan sənəd rəsmi olaraq qüvvədən düşür.
Bu qərar BMT Təhlükəsizlik Şurasında Avropa “üçlüyünün” “snapback” mexanizmini (əvvəl ləğv edilmiş BMT sanksiyalarının bərpası) işə salmaq cəhdindən sonra qəbul olunub ki, Tehran bunun həmin razılaşma çərçivəsində əməkdaşlığın davam etdirilməsi üçün hüquqi bazanı tam şəkildə dağıtdığını bildirir.