Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Kiyev ABŞ tərəfindən təklif olunan yeni sülh sənədi üzərində çalışır və bu plan “real, ləyaqətli və dayanıqlı sülh” təmin etməlidir.
"PostMedia" xəbər verir ki, bu barədə o, Almaniya kansleri Olaf Şolts, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Kir Starmerlə telefon danışığından sonra açıqlama verib.
Zelenski liderlərlə mövqelərin sıx şəkildə əlaqələndirildiyini və komandaların növbəti mərhələdə birgə işləyəcəyini qeyd edib.
Avropa liderləri bildiriblər ki, Ukraynada mövcud cəbhə xətti ərazi məsələləri üzrə istənilən danışıqların başlanğıc nöqtəsi olmalıdır. Onlar ABŞ-ın müharibəni dayandırmaq istiqamətində səylərini dəstəkləyib və Kiyevə “etibarlı təhlükəsizlik təminatları” verməyə hazır olduqlarını vurğulayıblar.
Bloomberg-in məlumatına görə, Avropa liderləri Zelenski ilə birlikdə ABŞ planının əsas təkliflərini qəbul etməyiblər. Şolts, Makron və Starmer Ukrayna ordusunun sayının azaldılmasının qəbuledilməz olduğunu bildiriblər.
The Telegraph yazır ki, Böyük Britaniya Tramp administrasiyasının sülh planı çərçivəsində Ukraynaya NATO modelinə uyğun təhlükəsizlik təminatları təklif etməyi planlaşdırır.