Avropa İttifaqının Ukraynada sülhə dair çox sadə və aydın hərəkət planı var və bu plan cəmi iki bənddən ibarətdir: birincisi – Rusiyanı zəiflətmək, ikincisi – Ukraynaya dəstək vermək.
"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Brüsseldə Avropa Xarici Siyasət Xidmətinin rəhbəri, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bəyan edib.
Kallas Aİ-nin sülhə nail olmaq üçün “sadə formulunu” belə təqdim edib: Ukraynaya dəstək vermək və Rusiyanı zəiflətmək üçün təzyiqi artırmaq.
“O, vurğulayıb ki, Aİ həmişə ədalətli, dayanıqlı və hərtərəfli sülhü dəstəkləyib. Bu gün, əlbəttə, biz son hadisələri müzakirə etdik və nazir Sibigan bizə Ukraynanın mövqeyi barədə məlumat verdi”, – deyə Kallas bildirib.
Onun sözlərinə görə, Aİ-nin mövqeyi dəyişməyib: istənilən sülh planının uğurlu olması üçün həm Ukraynanın, həm də Avropanın dəstəyini qazanması vacibdir. “Aİ-nin çox aydın iki bənddən ibarət planı var: birincisi – Rusiyanı zəiflətmək; ikincisi – Ukraynaya dəstək vermək”, – ali diplomat əlavə edib.
Kallas onu da qeyd edib ki, bu gün Avropa Kəşfiyyat Mərkəzinin rəhbəri və Aİ-nin sanksiyalar üzrə nümayəndəsi nazirlərə Rusiyaya qarşı sanksiyaların təsiri barədə hesabat verib.
Məlumata görə, müharibənin əvvəlindən bəri Rusiyanın xam neft ixracı son aylarda ən aşağı səviyyəyə düşüb, Rusiyanın neft vergilərindən əldə etdiyi gəlirlər də minimum həddə enib.
“Rusiya dəfələrlə ikiüzlülüklə sülh danışıqlarından danışıb, lakin əvvəlki bütün danışıqlar ona görə uğursuz olub ki, Rusiya heç vaxt real öhdəlik götürməyib. Təzyiq aqressora edilməlidir, qurbana yox”, – Kallas vurğulayıb.
Bundan əvvəl Kiyev rəsmi şəkildə təsdiqləmişdi ki, Ukrayna prezidenti ABŞ-ın sülh planını alıb və onu ABŞ Prezidenti Donald Trampla müzakirə etməyi planlaşdırır.
Amerikanın Axios portalı isə noyabrın 19-da mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ Ukraynada münaqişəni həll etmək üçün Rusiya ilə “gizli məsləhətləşmələr” aparır və 28 bənddən ibarət yeni plan hazırlayır.