Cənubi Afrika Respublikasının (CAR) keçmiş prezidenti Ceykob Zumanın qızı Duduzile Zuma-Sambudla Cənubi Afrika və Botsvanadan olan kişiləri Ukraynaya qarşı müharibədə Rusiya ordusunda xidmət etməyə cəlb edib.
"PostMedia" xəbər verir ki, "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, CAR parlamentinin üzvü olan Duduzile Zuma iyul ayında Rusiyaya yollanan təxminən 20 gənci cəlb edib. Mənbələr, o cümlədən yeni hərbi qulluqçuların qohumları bildiriblər ki, o, kişiləri inandırıb ki, onlar atası Ceykob Zumanın "Umkhonto we Sizwe" partiyası üçün işləmək məqsədilə mühafizəçi təlim kurslarında iştirak edəcəklər. Zuma özünün də oxşar təlim keçdiyini iddia edib.
Yeni cəlb olunanların qohumları bildiriblər ki, gənclər mühafizəçi təlim sənədlərini imzaladıqlarını düşünərək rus dilində yazılmış hərbi müqavilələrə qol çəkiblər. Daha sonra bu şəxslər Ukraynanın cəbhə xəttinə göndəriliblər. Avqust ayında onların ailələri onlarla əlaqəni itiriblər.
Bloomberg-in jurnalistləri afrikalıların Rusiyaya göndərildiyini, daha sonra isə kamuflyaj geyimdə təlimatçıların yanında dayandığını əks etdirən fotolar əldə ediblər. Bəzi valideynlər Duduzile Zuma ilə WhatsApp-da yazışmalarından hissələri paylaşıblar. O, valideynlərə uşaqlarının cəbhəyə göndərilməyəcəyini deyib.
Yeni cəlb olunanlardan biri "Zuma"ya "WhatsApp"da mesaj göndərib:
"Hazırda əşyalarımızı yığır və müharibə zonasına getməyə hazırlaşırıq." O, həmçinin bank kartları və telefonunun niyə müsadirə edildiyini soruşub. Zuma cavab verib: "Bu, cəbhə xətti deyil. Onlar sadəcə sizi qorxutmağa çalışırlar." O, əlavə edib ki, cəlb olunanlar "sadəcə silahlara nəzarət edəcək, onları hazırlayacaq və ya təmizləyəcəklər." Zuma, əgər onları cəbhəyə göndərsələr, "şəxsən" gəlib onları oradan çıxaracağını da vəd edib.
Duduzile Zuma və Cənubi Afrika, eləcə də Rusiya nümayəndələri jurnalistlərin sorğularına cavab verməyiblər.
Noyabrın əvvəlində CAR səlahiyyətliləri Ukraynaya qarşı müharibə üçün Cənubi Afrika sakinlərinin Rusiya ordusuna cəlb edilməsi ilə bağlı araşdırmaya başlayıb. CAR Prezidenti Siril Ramaposa-nın ofisi bildirib ki, Ukraynada qalan 17 Cənubi Afrika sakini kömək istəyib. Yerli medianın məlumatına görə, Ceykob Zuma noyabrın 11-də Rusiyanın müdafiə naziri Andrey Belousova məktub yazaraq aldadılmış 18 Cənubi Afrika sakinini cəbhə xəttindən çıxarmağı xahiş edib.
2022-ci ildə Rusiya-Ukrayna miqyaslı müharibəsi başladıqdan sonra Afrika mediası yerli sakinlərin Rusiya tərəfində döyüşmək üçün cəlb edilməsi barədə məlumat verməyə başlayıb. Ukrayna tərəfinin qiymətləndirməsinə görə, Rusiya tərəfində 1400-dən çox afrikalı döyüşür.