Polşa Qdanskda fəaliyyət göstərən son rus konsulluğunu bağlayır
19-noyabr-2025
Amin Şükür
Yazı Ölçüsü:
Polşa Qdanskda fəaliyyət göstərən son rus konsulluğunu bağlamağa hazırlaşır.
"PostMedia" xəbər verir ki, bu barədə "TVP Info" məlumat yayıb.
Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib ki, ölkədə fəaliyyət göstərən son Rusiya baş konsulluğu bağlanacaq.
Məlumata görə, Polşa parlamentinin aşağı palatası olan Seymdə çıxış edən Sikorski belə deyib:
“Rusiya Federasiyasının Qdanskdakı baş konsulluğunun lisenziyasını ləğv etmək qərarı verdim”.
Nazir əlavə edib ki, yaxın saatlarda bu barədə Rusiyaya nota göndəriləcək.
Eyni zamanda, Polşanın xarici işlər naziri vurğulayıb ki, Varşava Moskva ilə diplomatik münasibətləri tam şəkildə kəsmək niyyətində deyil.
Sikorski daha əvvəl yəni 2024-cü ilin oktyabrında Poznan, 2025-ci ilin mayında isə Krakovdakı Rusiya konsulluqlarının bağlanmasını əmr etmişdi.
O, bu addımı Polşa ərazisində iki terror planının arxasında Moskvanın dayandığı barədə iddialarla əsaslandırmışdı. Buna cavab olaraq Rusiya XİN Sankt-Peterburq və Kalininqrad şəhərlərindəki Polşa konsulluqlarını bağlamışdı.
Hazırda Rusiya Varşavada səfirliklə təmsil olunur. Polşanın Rusiyadakı diplomatik missiyası isə Moskvadakı səfirlik və konsulluq şöbəsi, eləcə də İrkutskdakı baş konsulluqla məhdudlaşır.