ABŞ-nin Quanatanamo bazası “Melissa” qasırğasına görə təxliyə edilib
27-oktyabr-2025
Türkan Nəbi
Yazı Ölçüsü:
ABŞ Kuba sahillərində yerləşən Quanatanamo hərbi-dəniz bazasından min nəfəri “Melissa” qasırğası yaxınlaşdığı üçün təxliyə edib.
"PostMedia" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) məlumat yayıb.
Məlumata əsasən, Müdafiə Nazirliyinin təxminən 1000 əməkdaşı, eləcə də hərbçilərin və podratçıların ailə üzvləri evakuasiya olunub. Hərbçilər dörd çarter reysi icarəyə götürüb və yük təyyarəsi C-17 ilə insanların təhlükəsiz şəkildə daşınmasını təşkil ediblər.
Təxliyə olunanlar ABŞ-nn Florida ştatındakı hərbi bazada yerləşdiriliblər və təxminən iki həftə orada qalacaqlar.
Bir gün əvvəl məlum olmuşdu ki, “Melissa” qasırğası Saffir–Simpson şkalasına görə üçüncü kateqoriyaya çatıb. Maksimum külək sürəti saatda 185 km-ə yüksəlib, qasırğa Karib dənizi istiqamətindən qərbə doğru saatda 6 km sürətlə hərəkət edir.