İki rus hərbi təyyarəsi Litvanın hava məkanını pozub – Reuters
23-oktyabr-2025
Turan Hüseynli
Yazı Ölçüsü:
Litva ordusunun məlumatına görə, cümə axşamı iki rus hərbi təyyarəsi NATO üzvü olan Litvanın hava məkanına təxminən 18 saniyəlik qanunsuz daxil olub.
"PostMedia" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Litva tərəfinin açıqlamasına əsasən, Su-30 qırıcı təyyarəsi və İl-78 yanacaqdaşıyan təyyarəsi ehtimal olunur ki, yanacaqla havada doldurma üzrə təlim tapşırığı yerinə yetirirdi və saat 15:00 radələrində Kalininqrad vilayətindən havaya qalxaraq Litvanın üzərindən 700 metr hündürlükdə uçub.
Litvanın baş naziri İnqa Ruqinienə bu barədə "Facebook" hesabında da yazıb:
“Bu hadisə bir daha göstərir ki, Rusiya beynəlxalq hüququ və qonşu ölkələrin təhlükəsizliyini nəzərə almadan, terrorçu dövlət kimi davranır. Litva təhlükəsizlik altındadır. Biz müttəfiqlərimizlə birlikdə ölkəmizin hər bir qarışını qoruyacağıq”.
Hadisəyə cavab olaraq, bölgədə patrul xidmətində olan NATO-nun Baltik Hava Polisi missiyasının İspaniyaya məxsus "Eurofighter Typhoon" qırıcıları havaya qaldırılıb.
Xatırladaq ki, sentyabrın 19-da üç rus hərbi təyyarəsi Estoniyanın hava məkanını 12 dəqiqə pozmuşdu. NATO həmin təyyarələri müşayiət edərək geriyə yönləndirmişdi. Rusiya isə ittihamları rədd etmişdi.
Bundan doqquz gün əvvəl isə 20-dən çox rus PUA-sı Polşanın hava məkanına daxil olmuş, NATO təyyarələri onların bir neçəsini vurmuşdu. Bu, Ukrayna müharibəsi başlayandan bəri ilk dəfə idi ki, alyans üzvü Rusiya obyektlərinə atəş açırdı.