N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Tayvan ABŞ ilə hərbi əməkdaşlığı dərinləşdirməyi planlaşdırır

22-oktyabr-2025
Turan Hüseynli
Tayvan ABŞ ilə hərbi əməkdaşlığı dərinləşdirməyi planlaşdırır
Yazı Ölçüsü:

Tayvan Müdafiə Nazirliyi çərşənbə günü açıqlayıb ki, ölkə bölgədə sülh və sabitliyi qorumaq üçün ABŞ ilə əməkdaşlığı daha da genişləndirməyi planlaşdırır.

PostMedia” qurumun açıqlasına istinadən xəbər verir ki, əməkdaşlığa qarşılıqlı səfərlər, hərbi təlimlərin müşahidəsi və təhlükəsizlik siyasəti üzrə dialoqlar daxil olacaq.

Rəsmi Vaşinqton Çin tərəfindən “öz ərazisi” kimi iddia edilən Tayvanla rəsmi diplomatik əlaqələrə malik olmasa da, adanın ən mühüm beynəlxalq tərəfdaşı sayılır və ABŞ qanunlarına əsasən Tayvana özünü müdafiə etmək üçün zəruri vasitələr təqdim etməlidir.

Nazirliyin parlamentə təqdim etdiyi hesabatda qeyd olunur ki, ABŞ Tayvanın “vacib strateji tərəfdaşıdır”:

“Silahlı qüvvələrimiz Tayvan–ABŞ arasında kommunikasiya kanallarını gücləndirir və müdafiə və təhlükəsizlik sahəsində çoxsahəli, çoxsəviyyəli strateji əməkdaşlığı inkişaf etdirir.”

Hesabatda əlavə olunur ki, gələcəkdə əməkdaşlıq strateji və təhlükəsizlik dialoqları, qarşılıqlı səfərlər, təlimlərin izlənilməsi və əməliyyat məsələləri üzrə müzakirələr istiqamətində genişlənəcək. Məqsəd — Tayvan boğazında sülh və sabitliyin qorunmasıdır.

Hazırda Tayvan və ABŞ arasında hərbi əməkdaşlıq artıq kifayət qədər sıxdır — məsələn, Tayvanlı F-16 pilotları Arizona ştatında təlimlər keçir, lakin bu kimi əməkdaşlıqların əksəriyyəti həssas xarakter daşıdığı üçün ictimaiyyətə açıqlanmır.

Nazirlik həmçinin qeyd edib ki, Çin Tayvana qarşı “normallaşdırılmış təzyiq siyasəti” aparır — buna “birgə döyüş hazırlığı patrulları” və mütəmadi hərbi təlimlər daxildir.

“Bu tədbirlər psixoloji təzyiq göstərmək, müdafiə potensialımızı zəiflətmək və üçüncü tərəfin müdaxiləsini önləmək məqsədi daşıyır”, – deyə hesabatda bildirilir.

Tayvan Müdafiə Nazirliyi əlavə edib ki, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində kəşfiyyat məlumatları və texnologiya mübadiləsi həyata keçirilir. Bu, Tayvana Çinin hərbi fəaliyyətlərini izləməyə, mümkün addımlarını əvvəlcədən qiymətləndirməyə və sürətli reaksiya verməyə imkan yaradır.

Tayvan hökuməti Pekinin suverenlik iddialarını bir daha rədd edərək bildirib ki, ölkənin gələcəyi yalnız Tayvan xalqının iradəsindən asılıdır.

Kateqoriyalar