Avropa liderləri və Ukraynanın müttəfiqləri ABŞ Prezidenti Donald Trampa Kiyevə “passiv dəstək” göstərməsi ilə bağlı ciddi xəbərdarlıq ünvanlayıblar.
”PostMedia” xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, onlar hərbi əməliyyatların dayandırılmasına dair Trampın çağırışını dəstəkləsələr də, Moskvaya ərazi güzəştlərinin istənilən variantını qəti şəkildə rədd ediblər.
Ukrayna Prezidenti Vladimir Zelenski, Böyük Britaniyanın Baş naziri Keyr Starmer, Almaniya kansleri Fridrix Mers, Fransa Prezidenti Emmanuel Makron, İtaliyanın Baş naziri Corciya Meloni, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və digər Avropa liderlərinin imzaladığı birgə bəyanatda bildirilir ki, onlar “ədalətli və uzunmüddətli sülhə nail olmaq istiqamətində birləşmiş şəkildə çalışırlar”.
Liderlər bəyan ediblər ki, “döyüş əməliyyatlarının dərhal dayandırılması barədə Prezident Trampın mövqeyini qətiyyətlə dəstəkləyirlər”, lakin eyni zamanda xəbərdarlıq ediblər ki, “beynəlxalq sərhədlər zor gücü ilə dəyişdirilməməlidir” — bu isə Rusiyanın işğal etdiyi bölgələrdə müharibəni “dondurmaq” istəyən Trampa dolayı işarə kimi dəyərləndirilir.
Bəyanat Avropa Şurasının mühüm iclasından bir neçə gün əvvəl səsləndirilib. Həmin iclasda liderlər dondurulmuş Rusiya aktivlərindən Ukraynanın maliyyələşdirilməsi üçün istifadə və Moskvaya qarşı sanksiyaların sərtləşdirilməsi məsələlərini müzakirə edəcəklər.
Zelenski və “Könüllülər koalisiyası”nın üzvləri cümə günü Londonda görüşərək hərbi və maliyyə dəstəyinin gələcək addımlarını koordinasiya edəcəklər.
Tramp isə bazar günü gecə bəyan edib ki, müharibə hazırkı cəbhə xətti boyunca “dondurulmalıdır” — bu isə Moskvaya işğal etdiyi Ukrayna ərazilərinin böyük hissəsini nəzarətdə saxlamaq imkanı verəcək.
Hazırkı cəbhə xətti Ukraynanın şərqində, hələ də intensiv döyüşlərin davam etdiyi Donbas bölgəsindən keçir.
Məsələyə bələd mənbənin sözlərinə görə, Trampın bu bəyanatı Ağ Evdə Zelenski ilə keçirilən gərgin görüşdən bir neçə gün sonra səslənib. Görüş zamanı Tramp ilkin olaraq Kiyevə “münaqişəni dayandırmaq üçün” Moskva ilə ərazi güzəştlərini müzakirə etməyi təklif edib. Daha sonra o, iddia edib ki, “Ukraynadan bütün Donbasın verilməsini istəməyib”, sadəcə “hazırkı vəziyyətin saxlanmasını” təklif edib.
“Fikrimcə, ərazilərin 78 faizini Rusiya artıq işğal edib. Hər şeyi olduğu kimi saxlamaq lazımdır,” — deyə Tramp bildirib.