Gürcüstanın Baş naziri finlandiyalı nazirlə görüşdən imtina etdi - Diplomatik gərginlik
17-oktyabr-2025
Türkan Nəbi
Yazı Ölçüsü:
Gürcüstanın baş naziri İrakli Kobaxidze Finlandiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyət göstərən sədri Elina Valtonen ilə görüşdən imtina edib. "PostMedia" xəbər verir ki, səbəb kimi Valtonenin Tbilisidə müxalif qüvvələrin təşkil etdiyi aksiyada iştirakı və etdiyi bəyanatlar göstərilib.
Baş nazir Kobaxidze jurnalistlərə açıqlamasında qanunsuz hesab edilən aksiyalarda iştirak etmək, bu kimi təkliflərin diplomatik etikaya zidd olduğunu vurğulayıb:
“Məni qanunsuz aksiyaya dəvət edib-etməməsi onun seçimidir, amma mən belə tədbirdə iştirak etməyəcəyəm, nə Finlandiyada, nə də başqa bir ölkədə,” – deyə baş nazir qeyd edib.
Qeyd edək ki, oktyabrın 15-də Tbilisiyə səfər edən Elina Valtonen rəsmi proqramdan kənara çıxaraq etiraz aksiyasına qatılıb və Gürcüstanda “ifadə azadlığının məhdudlaşdırıldığını” iddia edib. Gürcüstan hökuməti bunu daxili işlərə müdaxilə kimi qiymətləndirib və ATƏT-ə rəsmi etiraz notası göndərib.
Gürcüstan XİN-in bəyanatında qeyd olunur ki, Valtonen ATƏT mandatını aşaraq siyasi proseslərə müdaxilə edib, aksiyada səsləndirdiyi fikirlərlə beynəlxalq ictimaiyyəti yanlış istiqamətə yönəltməyə çalışıb, onun davranışı diplomatik etikaya uyğun hesab edilmir.
ATƏT-dən cavab gecikməyib.
Qurum səfərlə bağlı yaydığı açıqlamada Valtonenin Gürcüstanda demokratik institutlarla bağlı narahatlıqlarını ifadə etdiyini və təşkilatın siyasi dialoqa hazır olduğunu bildirib.
Hadisə Gürcüstan və Finlandiya arasında münasibətlərdə gərginlik yaradıb. Rəsmi Tbilisi bunun “Avropa bürokratiyasının qərəzli yanaşması” olduğunu qeyd edir və mövqeyindən geri çəkilmək niyyətində deyil.
Gözləntilərə görə, ATƏT və Avropa strukturları yaxın günlərdə vəziyyətlə bağlı əlavə qiymətləndirmə verə bilər.