N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Səudiyyə Ərəbistanı ilə ABŞ arasında müdafiə sazişi danışıqları aparılır

17-oktyabr-2025
Turan Hüseynli
Səudiyyə Ərəbistanı ilə ABŞ arasında müdafiə sazişi danışıqları aparılır
Yazı Ölçüsü:

Səudiyyə Ərəbistanı ABŞ və Qətərlə imzalanan müdafiə paktına bənzər yeni təhlükəsizlik sazişi üzrə danışıqlar aparır.

PostMedia” FT-a istinadən xəbər verir ki, krallıq bu sazişin gələn ay vəliəhd şahzadə Məhəmməd bin Salmanın “Ağ Ev”ə səfəri zamanı rəsmiləşdirilməsinə ümid edir. Məsələyə yaxından bələd mənbələr bildirir ki, planlaşdırılan saziş “güclü və əhatəli” olacaq, geniş hərbi və kəşfiyyat əməkdaşlığını əhatə edəcək.

Tramp administrasiyasından yüksək səviyyəli rəsmilər sazişlə bağlı danışıqlar aparıldığını təsdiqləsələr də, detalları açıqlamırlar. ABŞ Dövlət Departamenti isə bəyan edib ki, Səudiyyə Ərəbistanı ilə müdafiə əməkdaşlığı Vaşinqtonun regional strategiyasının “əsas dayağı” olaraq qalır və ABŞ regionda təhlükəsizliyin təmin olunmasına sadiqdir.

Bu təşəbbüs, Trampın bir neçə həftə əvvəl Qətərə qarşı hər hansı hücumu ABŞ-nin “sülh və təhlükəsizliyinə təhdid” kimi qiymətləndirən və lazım gələrsə hərbi cavab tədbirlərini nəzərdə tutan icra sərəncamı imzalamasından sonra sürətlənib.

Həmin sərəncam İsrailin Dohaya raket hücumundan sonra regionda geosiyasi gərginliyi artırmışdı.

Səudiyyə Ərəbistanı uzun müddətdir ABŞ ilə rəsmi müdafiə ittifaqı yaratmağa çalışırdı və Bayden administrasiyası ilə İsraillə münasibətlərin normallaşdırılması müqabilində təhlükəsizlik sazişi müzakirə olunurdu. Lakin Qəzzadakı müharibə və Riyadın fələstinli dövlətinin tanınması tələbi prosesi dalana salmışdı.

Hazırda Tramp administrasiyası ilə aparılan danışıqlar İsrail məsələsindən ayrıca, müstəqil müdafiə sazişinə yönəlib. Analitiklər hesab edir ki, bu dəfə Səudiyyə tərəfi konkret təhlükəsizlik təminatları istəyir və bunu krallığın trilyon dollarlıq inkişaf planlarının qorunması üçün həyati əhəmiyyətli sayır.

Şahzadə Məhəmməd bin Salman 2018-ci ildən sonra ilk dəfə ABŞ-yə səfər edəcək və Vaşinqtonla yaxın münasibətlərini, xüsusilə Tramp və Cared Kuşnerlə şəxsi əlaqələrini gücləndirməyi planlaşdırır.

ABŞ hazırda Səudiyyə Ərəbistanının əsas silah təchizatçısıdır və Trampın əvvəlki səfəri zamanı 142 milyard dollarlıq rekord hərbi müqavilə elan edilmişdi.

Bununla belə, ərəb analitikləri xəbərdarlıq edir ki, ABŞ-ın Yaxın Şərq siyasətindəki dəyişkənlik və öhdəliklərinə dair şübhələr Səudiyyənin əlavə hüquqi təminat tələblərini artırıb. Danışıqların nəticəsi regionda yeni geosiyasi balansın formalaşmasına təsir göstərə bilər.

Kateqoriyalar