Dünyanın ən böyük qida və içki istehsalçılarından biri olan “Nestle” qarşıdakı iki il ərzində 16 min iş yerini ixtisar edəcəyini rəsmən açıqlayıb.
”PostMedia” xarici KİV-lərə istinadən xəbər verir ki, şirkətin yeni baş direktoru Philipp Navratil məqsədin daha yüksək gəlir gətirən məhsullara fokuslanmaq və xərcləri kəskin azaltmaq olduğunu qeyd edib.
Onun sözlərinə görə, “Nestle” “daha sürətli dəyişməli və bazar payının itirilməsinə dözümlü olmayacaq performans mədəniyyəti” formalaşdırmalıdır.
Nestle bildirib ki, ixtisarların 12 min nəfəri ofis işçiləri olmaqla, ümumilikdə illik 1 milyard İsveçrə frankına yaxın qənaət təmin ediləcək. Xəbərin açıqlanmasından dərhal sonra şirkətin səhm qiymətləri 7,5 % artıb. Brendləri arasında “Nescafe”, “KitKat” və “Maggi” kimi tanınmış məhsullar olan Nestle hazırda sərt restrukturizasiya mərhələsinə keçib.
Navratilin bu addımı investorlar tərəfindən “cəsarətli və şəffaf islahat qərarı” kimi qiymətləndirilib. Lakin Britaniyanın ən böyük həmkarlar ittifaqlarından biri olan Unite bəyan edib ki, “Nestle milyardlarla gəlir əldə etdiyi halda işçi ixtisarları qəbuledilməzdir”. Şirkətin York, Halifax, Dalston, Tutbury və Buxton Water istehsal məntəqələrində də ixtisarların ola biləcəyi ehtimal edilir.
Yeni rəhbərlik dəyişikliyi şirkətdəki daxili gərginlik fonunda baş verib. Xatırladaq ki, əvvəlki CEO Laurent Freixe işçisi ilə gizli münasibətini açıqlamadığı üçün sentyabrda vəzifədən uzaqlaşdırılmışdı. Onun ardınca “Nestle”nin rəhbərliyindən Paul Bulcke də postunu vaxtından əvvəl tərk etmişdi. Analitiklər hesab edir ki, Navratil bu qərarla investor etimadını bərpa etməyə çalışır.