Ermənistanda Apostol Kilsəsi hakimiyyəti ittiham edib
15-oktyabr-2025
Turan Hüseynli
Yazı Ölçüsü:
Ermənistan Apostol Kilsəsi (EAK) ölkə hakimiyyətini kilsənin təbii fəaliyyətinə mane olmaqda və sistemli anti-kilsə kampaniyası aparmaqda ittiham edib.
"PostMedia" xəbər verir ki, bu barədə kilsənin bəyanatında deyilir.
“Kilsə rəhbərlərinin, Aqataqson yepiskopluğunun ruhani və əməkdaşlarının qanunsuz cinayət təqibinə məruz qalması, hakimiyyətin həyata keçirdiyi sistemli anti-kilsə kampaniyasının növbəti təzahürüdür. Bu cür hərəkətlər kilsənin normal fəaliyyətini pozmaq, onun nüfuzunu sarsıtmaq və cəmiyyət daxilində qorxu və gərginlik atmosferi yaratmaq məqsədi daşıyır”, – deyə bəyanatda bildirilir.
EAK əlavə edib ki, bu hərəkətlər nəticəsində yepiskopluğun dini və yaradıcı fəaliyyəti məhdudlaşdırılıb, ruhanilərin xidmətinə maneələr yaradılıb. “Totalitar sistemlərə xas bu cür repressiyalar dini azadlıqların kobud şəkildə pozulmasıdır”, – kilsə vurğulayıb.
Araşdırma 2021-ci ildə müxalifət mitinqlərində iştirakla bağlı iddialardan sonra başlanıb. İstintaq zamanı 13 ruhani, o cümlədən Aqataqson yepiskopu Mkrtiç (Hayk Proşyan) saxlanılıb. Ermənistan İstintaq Komitəsi bu barədə məlumatı təsdiqləyib və qeyd edib ki, araşdırma zamanı çoxlu sayda sənəd, elektron məlumat daşıyıcıları, qızıl və gümüş məmulatlar, həmçinin kommersiya təşkilatlarına məxsus yanacaq talonları müsadirə olunub.