Yaxın Şərqdə baş verən son hadisələr, xüsusilə İsrail və Fələstin arasında atəşkəsdən sonra yaranmış vəziyyət, beynəlxalq medianın diqqət mərkəzində qalmaqdadır. Müxtəlif ölkələrin aparıcı KİV-ləri bu prosesin gələcək sülh imkanlarına necə təsir göstərə biləcəyi barədə fərqli yanaşmalar təqdim ediblər. "PostMedia" beynəlxalq nəşrlərin bu mövzuda yayımladığı materialları ümumiləşdirib.
Belə ki, The Times of Israel yazır: HƏMAS dörd girovun cəsədini qaytardı.
İsrail HƏMAS-ı razılaşmanı pozmaqda ittiham edir, çünki bütün cəsədləri qaytarmayıb. Qalan 24 nəfərin taleyi hələ də məlum deyil. İsrailin müdafiə naziri İsrael Kats bəyan edib ki, HƏMAS bu prosesi bilərəkdən ləngidirsə, bu, sazişin pozulması sayılır.
Financial Times: Netanyahu siyasi gücünü bərpa etməyə çalışır.
ABŞ prezidenti Donald Tramp Knessetdə çıxış edərək Netanyahunun bağışlanmasını tələb edib. Trampın sülh planından iki həftə sonra Netanyahu ölkə tarixində ən ciddi təhlükəsizlik uğursuzluğuna baxmayaraq hakimiyyətdə qalmağa çalışır.
The Washington Post: İsraillə ərəblərin mövqeləri hələ də uzaqdır.
Misirin Şarm əl-Şeyx şəhərində keçirilən “sülh sammitinə” nə Netanyahu, nə də HƏMAS qatılıb. Tərəflər hələ də razılığa gəlməyib. Tramp bu vəziyyəti regionda daha geniş sülh prosesinin başlanğıcı kimi təqdim edir.
NBC News: Girovların azad edilməsindən sonra nə olacaq?
HƏMAS İsrailin Qəzzadan tam çıxmadığı müddətcə son girovu buraxmayacağını bildirmişdi. İndi əsas sual budur: İsrail ordusu Qəzzanı tam tərk edəcəkmi və HƏMAS silahı yerə qoymağa razı olacaq?