Madaqaskarın prezidenti Andri Radzuelina etiraz aksiyaları və hərbi qiyam hökumətini devirmək təhlükəsi yaratdığı üçün Fransaya məxsus hərbi təyyarə ilə ölkədən təxliyə edilib.
”PostMedia” xəbər verir ki, bu barədə RFI məlumat yayıb.
Təxliyə Fransa prezidenti Emmanuel Makronla razılaşma əldə edildikdən sonra həyata keçirilib. Fransa hökuməti bəyan edib ki, 25 sentyabrdan bəri ölkəni silkələyən daxili böhrana müdaxilə etməyəcək.
Narazılıqlar su və elektrik enerjisinin genişmiqyaslı kəsilməsi ilə başlayıb, lakin daha sonra Radzuelinanın istefasını tələb edən ümummilli hərəkat səviyyəsinə yüksəlib.
Təhlükəsizlik qüvvələri etirazları dağıtmaq üçün güc tətbiq edib, etirazçılara dəstək verən zabitlər isə jandarmeriyanın hərbiləşdirilmiş qanadına nəzarəti ələ alıblar.
Bazar günü prezident administrasiyası Capsat adlı bölmənin çevriliş cəhdilə bağlı xəbərdarlıq yayıb. Capsat elitar birləşmədir və 2009-cu il çevrilişi zamanı Radzuelinanın hakimiyyəti ələ keçirməsinə kömək etmişdi.