Avropa İttifaqı Rusiya ilə əlaqəli tanküer şirkətlərinə sanskiya tətbiq etməyə hazırlaşır
07-oktyabr-2025
Turan Hüseynli
Yazı Ölçüsü:
Avropa İttifaqı (Aİ) saxta tanker qeydiyyatları ilə məşğul olan bəzi şirkətlərə qarşı sanksiyalar tətbiq etməyi müzakirə edir.
"PostMedia" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyin öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Brüssel 3 şirkətin müxtəlif bayraqlar altında tankerlər üçün saxta qeydiyyat sənədləri təqdim etdiyini iddia edir.
Bu məsələ Rusiyaya qarşı hazırlanan 19-cu sanksiya paketi çərçivəsində nəzərdən keçirilir.
Mənbə həmin üç şirkətin adını açıqlamasa da, sənədlərdə qeyd olunur ki, onlar Aruba, Kürasao və Sint-Marten kimi ölkələrə mənsub kimi göstərilən ən azı səkkiz tankerin sənədlərini saxtalaşdırıblar
Həmin gəmilər artıq Aİ sanksiyalarına məruz qalan siyahıya daxildir.
Eyni zamanda, "EuObserver" nəşrinin Aİ-nin daxili sənədlərinə istinadən yazdığına görə, Avropa İttifaqı yeni sanksiya paketinə Rusiya enerji resurslarının daşınmasında iştirak edən əlavə 120 tanker də daxil etməyi planlaşdırır.
Bu qərar qəbul ediləcəyi təqdirdə “qara siyahıya” salınmış ümumi gəmi sayı 568-ə çatacaq. Bu tankerlərə Aİ limanlarına daxil olmaq qadağan ediləcək, həmçinin onların fəaliyyətinə qarşı digər məhdudiyyətlər tətbiq olunacaq.
Beləliklə, yeni sanksiyalar Brüsselin Rusiya neftinin “kölgə donanması” vasitəsilə daşınmasına qarşı nəzarəti gücləndirmək niyyətini nümayiş etdirir.