Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı döyən şəxsə 7 il iş istənilib
06-oktyabr-2025
Admin
Yazı Ölçüsü:
Ermənistanın xarici işlər naziri, parlamentin keçmiş sədri Ararat Mirzoyanın döyülməsi işi üzrə təqsirləndirilənlərdən biri olan Torqom Asatryan7 ilədək azadlıqdan məhrum edilə bilər.
"PostMedia" erməni İKV-lərinə istinadən xəbər verir ki, Yerevan Şəhər Ümumi Yurisdiksiya Məhkəməsində hakim Jora Çiçoyanın sədrliyi ilə keçirilən əlavə iclasda dövlət ittihamçısı Asatryan üçün maksimum 7 il həbs cəzası tələb edib.
O bildirib ki, Asatryan cinayəti qrup halında, xüsusi qəddarlıqla və hərbi vəziyyət dövründə törədib.
Hakim daha əvvəl Asatryanı Ermənistan Cinayət Məcəlləsinin 225-ci maddəsinin 2-ci hissəsi ilə — “Kütləvi iğtişaşlarda zorakılıq tətbiq etmək, dağıntı, yandırma, əmlakı məhv etmək və ya zərər vurmaq, odlu silah və partlayıcı maddələrdən istifadə etmək və ya hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərmək” — ittihamı ilə məhkum etmişdi.
Müdafiə tərəfi məhkəməyə Asatryanın tərcümeyi-halına dair müsbət faktlar təqdim edib — o, məktəbdə əlaçı olub, idmanda uğurlar qazanıb, MMA üzrə dəfələrlə çempion, döyüş sənətləri ustası olub.
Vəkil Aleksandr Koçubayev məhkəmədən cəzanın minimum 3 il azadlıqdan məhrumetmə ilə məhdudlaşdırılmasını və qalan hissəsinin şərti cəza ilə əvəzlənməsini xahiş edib.
Məhkəmə hökmü oktyabrın 29-da elan ediləcək.
Qeyd olunur ki, Torqom Asatryan 2023-cü ilin fevralından həbsdədir — bu, 2020-ci il noyabrın 9-da baş verən hadisələrdən 2,5 il sonra baş tutub. Beləliklə, o, artıq təxminən 3 ildir azadlıqdan məhrum şəraitdədir.
Xatırladaq ki, 2020-ci il noyabrın 9-da Rusiya Prezidenti Vladimir Putin, Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev Qarabağda hərbi əməliyyatların dayandırılması barədə birgə bəyanat imzalayıblar.
Bəyanatın imzalanmasından dərhal sonra Ermənistanda etirazlar başlayıb, bir qrup şəxs hökumət binasına və parlamentə hücum edib, nəticədə o vaxt parlament sədri olan Ararat Mirzoyan döyülərək xəstəxanaya yerləşdirilib.