Qazaxıstan "Xəzər" dənizi sahillərində AES tikmək istəyir
01-oktyabr-2025
Türkan Nəbi
Yazı Ölçüsü:
Qazaxıstan "Xəzər" dənizi sahilində yeni Atom Elektrik Stansiyası (AES) tikintisini nəzərdən keçirir.
"PostMedia" xəbər verir ki, Qazaxıstan hökuməti "Xəzər" dənizi sahilini kiçik və orta gücə malik AES tikintisi üçün potensial ərazi kimi qiymətləndirir.
Bu barədə ölkənin Atom Enerjisi Agentliyinin sədri Almasadam Satkaliyev məlumat verib. Onun sözlərinə görə, yaxın vaxtlarda təhlükəsizlik tələblərinə uyğunluq üzrə araşdırmalar aparılacaq.
Satkaliyev xatırladıb ki, Qazaxıstanın qərbində daha əvvəl də nüvə obyekti mövcud olub – 1973-cü ildə Aktau şəhərində "BН-350" adlı ilk sürətli neytron reaktoru işə salınıb, lakin 1999-cu ildə onun fəaliyyəti dayandırılıb.
Hazırda ölkədə Almatı vilayətində “Rosatom” ilə birgə yeni AES tikintisi planlaşdırılır, əlavə olaraq Abay vilayətində və "Xəzər" sahilində də oxşar layihələrin mümkünlüyü müzakirə olunur.