Rusiyanın bəzi regionlarında benzin çatımazlığı yaranıb
01-oktyabr-2025
Türkan Nəbi
Yazı Ölçüsü:
Yaxın bir ayda Rusiyanın bir sıra bölgələrində benzin təchizatında müvəqqəti problemlər yarana bilər.
"PostMedia" xəbər verir ki, bu barədə “İnfoTEK” nəşri məlumat yayıb.
Ən çox risk altında olan ərazilər Krım, Şərqi Sibir, Uzaq Şərq və Şimali Qafqaz respublikalarıdır. Ekspertlərin sözlərinə görə, bu bölgələrdə iri neft şirkətlərinə məxsus yanacaqdoldurma məntəqələrinin (YDM) sayı azdır və əsas bazar regional şirkətlərin əlindədir.
Xüsusilə Krımda gəmilərin hərəkətinə təhlükə səbəbindən neft məhsullarının çatdırılması məhduddur. Hətta bəzi bölgələrdə yanacaqdoldurma məntəqələri müştərilərə yalnız 30 litrədək benzin satmağa məcbur olublar.
Xabarovsk vilayətində sürücülər benzin almaq üçün növbə siyahıları tərtib etməyə başlayıblar.
Mütəxəssislər qeyd edirlər ki, müvəqqəti çətinliklər əsasən mövsümi amillər, planlı və qəfil təmir işləri ilə bağlıdır. Bundan başqa, bəzi müstəqil YDM-lər yanacağı zərərə satmaq istəmədiyindən satışları dayandırıblar.
Müstəqil Yanacaq İttifaqı məlumat yayıb ki, vəziyyət xüsusilə Volqa bölgəsi və Rusiyanın cənubunda gərginləşə bilər. Eyni zamanda Kirov və Nijni Novqorod vilayətlərində də çətinliklər müşahidə olunur.
Ekspertlər sürücülərə xəbərdarlıq edirlər ki, panikaya düşərək yanacağı ehtiyat toplamaq lazım deyil, çünki bu, vəziyyəti daha da ağırlaşdırır. Proqnozlara görə, oktyabrın sonuna qədər təchizat normallaşacaq və ciddi sistemli böhran gözlənilmir.