Ukraynanın yeni sərhədləri barədə danışmağa hazırıq, amma itirilmiş torpaqları Rusiyanınkı kimi tanımayacağıq.
"PostMedia" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, əgər Ukraynanın itirilmiş əraziləri geri qaytarmaq üçün kifayət qədər gücü yoxdursa, bu məsələni müzakirə etməyə hazırdırlar.
“Hamı anlayır ki, əgər bu əraziləri qaytarmaq üçün gücümüz yoxdursa, biz bunun barədə danışmağa hazırıq”, – deyə o vurğulayıb.
Zelenskinin sözlərinə görə, gələcəkdə Ukrayna bu torpaqlar məsələsini diplomatik yolla qaldırmağa hazır olacaq. Bununla yanaşı, o, Ukraynanın heç vaxt itirilmiş əraziləri Rusiyaya aid kimi tanımayacağını xüsusi qeyd edib:
“Bu o deməkdir ki, biz belə məsələləri indi dialoq yolu ilə həll etməliyik. Və bu daha az itki deməkdir”.
Xatırladaq ki, bu həftə ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Ukrayna “mübarizə apararaq öz ərazilərini ilkin sərhədlərinə qədər qaytara bilər və bəlkə də daha irəli gedə bilər”. O, bunun üçün “ən münasib zamanın” yetişdiyini söyləyib və Moskva ilə Kiyevə “ən yaxşısını” arzulayıb.
Avqustun sonunda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov xüsusi hərbi əməliyyatın yaz-yay kampaniyasının yekunlarını açıqlayaraq bildirib ki, Rusiya ordusu Donetsk Xalq Respublikasının 79%-ni, Luqansk Xalq Respublikasının isə 99,7%-ni nəzarətə götürüb. O, əməliyyatların davam edəcəyini vurğulayıb.
Bundan öncə isə Türkiyənin xarici işlər naziri Hakan Fidan açıqlamışdı ki, Rusiya əvvəlcə Ukraynadan dörd regionun inzibati sərhədləri daxilində tələbini irəli sürmüşdü, lakin sonradan bundan imtina edib. Onun sözlərinə görə, indi Moskva təmas xətti üzrə döyüşləri dayandırmağa və təhlükəsizlik zəmanətləri ilə müqaviləni təsdiqləməyə hazırdır, bu isə “çərçivə razılaşması şəklində əla baza yaradır”.