Fransa prezidenti Emmanuel Makron Böyük Britaniyanın Avropa İttifaqına mümkün qayıdışını “əla xəbər” və “yaxşı qərar” adlandırıb. O, bu barədə çərşənbə günü Madriddə İspaniyanın baş naziri Pedro Sançeslə birgə keçirdiyi mətbuat konfransında danışıb.
"PostMedia" xəbər verir ki, bu barədə “France 24” məlumat yayıb.
“Böyük Britaniya Avropa İttifaqına qayıtmaq qərarına gəlsə, bu, əla xəbər və yaxşı qərar olar”, - deyə Makron bildirib.
Onun açıqlaması Böyük Britaniyanın baş naziri Endi Börnhəmin ölkənin Aİ ilə gələcək münasibətlərinin müxtəlif variantlarını, o cümlədən ittifaqa tam qayıtmaq imkanını müzakirə etməyin zəruriliyini bəyan etməsindən sonra səslənib. Börnhəm bildirib ki, London daha sıx əməkdaşlıqdan tutmuş Aİ üzvlüyünün bərpasına qədər bütün mümkün variantları nəzərdən keçirməlidir.
İspaniyanın baş naziri Pedro Sançes də Böyük Britaniyanın Avropa İttifaqına qayıtmasından məmnun olacağını bildirib. Onun sözlərinə görə, ölkə “açıq qucaqla” qəbul edilərdi.
Makron həmçinin demokratiya böhranı və siyasi “ekstremizmin” artması adlandırdığı məsələyə yanaşmasından danışıb. Onun sözlərinə görə, cavablardan biri “daha güclü Avropa” yaratmaq üçün genişmiqyaslı investisiya proqramının həyata keçirilməsi olmalıdır.
Bu açıqlamalar Makronun İspaniyaya iki günlük dövlət səfərinin əvvəlində səslənib. Fransa prezidenti həyat yoldaşı Bricitlə birlikdə çərşənbə axşamı kral süvarilərinin müşayiəti ilə Rolls-Royce avtomobilində Madrid Kral Sarayına gəlib. Makron və həyat yoldaşını kral VI Felipe və kraliça Letisiya hərbi orkestrin ifası və artilleriya yaylımı sədaları altında qarşılayıblar.
Böyük Britaniya 2016-cı il referendumundan sonra 2020-ci ildə Aİ-dən çıxıb. Hazırda Endi Börnhəmin hökuməti ittifaqla münasibətlərə yenidən baxmağı planlaşdırır. Bununla belə, hazırda söhbət Aİ-yə qayıdış prosedurunun dərhal başlanmasından deyil, bir neçə mümkün variantın müzakirəsindən gedir.