Bu həftə Qətərin ABŞ və İran arasında diplomatik irəliləyişə nail olmaq məqsədilə göstərdiyi vasitəçilik səyləri nəticəsiz qalıb. Buna səbəb tərəflərdən heç birinin güzəştə getmək istəməməsidir.
"PostMedia" xəbər verir ki, bu barədə “Axios” məlumatlı mənbələrə istinadən xəbər verib.
“Onlar dalana dirəniblər. İranlılar ABŞ-nin qəbul etməyə hazır olmadığı tələblər irəli sürürlər, ABŞ isə qalib gəldiyini düşünür və buna görə də kompromisə getməyə ehtiyac görmür”, - deyə portalın həmsöhbətlərindən biri bildirib.
Qeyd olunur ki, tərəflər hərbi münaqişənin yenidən başlamasının mümkün olduğu qənaətinə getdikcə daha çox meyillənirlər.
Portalın məlumatına görə, ABŞ rəsmiləri prezident Donald Trampın aralıq seçkilərindən sonra genişmiqyaslı hərbi əməliyyatların bərpası barədə əmr verə biləcəyini düşünürlər.
“Axios”un həmsöhbətləri bildiriblər ki, Qətər hakimiyyəti vasitəçilik səylərini davam etdirəcək, lakin hər iki tərəfdən getdikcə daha çox məyus olur.
Portal xatırladır ki, bazar ertəsi Qətər diplomatı Əli əl-Təvadi Nyu-Yorkda İranın xarici işlər naziri Abbas Əraqçi və onun komandası ilə bir neçə saat davam edən görüş keçirib. Portalın mənbəsinin sözlərinə görə, görüşdə Qətərin iki səhifəlik kompromis təklifi müzakirə olunub.
Daha iki mənbənin bildirdiyinə görə, Qətərin planı İranın ABŞ tərəfindən tətbiq olunan dəniz blokadasının aradan qaldırılması tələbini və ABŞ-ın İrana nüvə təhlükəsizliyi ilə bağlı zəmanətlər verilməsi tələbini təmin etməyə yönəlib.
Həmin gün axşam Qətərin vasitəçisi Vaşinqtonda Trampın nümayəndəsi Cared Kuşner və digər ABŞ rəsmiləri ilə danışıqlar aparıb. Görüşün bir hissəsində vitse-prezident Cey Di Vens də iştirak edib.
ABŞ rəsmiləri “Axios” da daxil olmaqla bir neçə KİV-ə danışıqların “müsbət və konstruktiv” atmosferdə keçdiyini və İranın “nüvə məsələlərində kompromisə hazır olduğunu” bildiriblər.