Avropanın öz müdafiə sənayesinə üstünlük verməli, yoxsa silahları ABŞ-dən almalı olması ilə bağlı mübahisə hazırda “lüks”dür. Çünki nə Avropa, nə də ABŞ sənayesi artan tələbatı qarşılaya bilir.
"PostMedia" xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Brüsseldə keçirilən “Defence & Space Summit” sammiti çərçivəsində “Euronews”a müsahibəsində bildirib.
“Məsələ silahları Avropadan, yoxsa ABŞ-dan almağınız deyil. Məsələ onları ala bilib-bilməməyinizdir. Pul var. Amma Avropanın hərbi-sənaye bazası kifayət qədər inkişaf etməyib. Kifayət qədər istehsal etmir”, – Rutte deyib.
Son aylarda Avropa İttifaqında dövlət müdafiə satınalmaları zamanı Avropa istehsalına üstünlük verilib-verilməməsi ilə bağlı müzakirələr davam edir. Fransa avropalı istehsalçılar üçün daha sərt tələblərin tətbiqini dəstəkləyir, Almaniya isə daha açıq yanaşmanı qoruyur və NATO müttəfiqlərinin daha geniş iştirakının tərəfdarıdır.
Azad bazar ənənəsinə sadiq olduğunu vurğulayan Rutte Atlantikanın hər iki tərəfində istehsal güclərinin çatışmazlığı fonunda bu mübahisəni ikinci dərəcəli hesab edir.
“Azad bazarların mümkün qədər açıq və müstəqil fəaliyyət göstərməsi həmişə daha yaxşıdır. Amma indi, məncə, Avropa istehsalı, yoxsa Amerika istehsalı almaq barədə müzakirə aparmaq lüksdür. Çünki nə oradan, nə də buradan kifayət qədər ala bilirik. İstehsal kifayət deyil”, – deyə o bildirib.
NATO-nun baş katibi müdafiə şirkətlərini uzunmüddətli tələbatı qarşılamaq üçün investisiyaları artırmağa, həmçinin yeni texnologiyalar və müasir silah sistemləri inkişaf etdirməyə çağırıb.
Onun sözlərinə görə, Avropa və ABŞ-nin müdafiə sənayesi artıq bir-biri ilə sıx bağlıdır və bu, NATO-nun maraqlarına uyğundur.
“Thales kimi Avropa şirkətləri ABŞ-yə investisiya qoyur. Amerika şirkətləri Avropaya investisiya yatırır. Bu, vahid bütöv kimi fəaliyyət göstərən transatlantik hərbi-sənaye bazasıdır və məhz belə də olmalıdır”, – Rutte deyib.
O, nümunə kimi Ukraynanın raketdən müdafiəsi ilə bağlı vəziyyəti göstərib. NATO baş katibinin sözlərinə görə, Ukraynaya təcili olaraq ballistik raketlərə qarşı tutucu raketlər lazımdır. Lakin hazırda nə Fransa-İtaliya istehsalı olan SAMP/T kompleksi, nə də Amerikanın “Patriot” sistemi bu tələbatı qarşılayacaq qədər böyük həcmdə istehsal edilə bilir.
Rutte müdafiə istehsalının genişləndirilməsi üçün maliyyə resurslarının olduğunu vurğulayıb.
“Hamı üçün kifayət qədər pul var. Bundan müdafiə sahəsi faydalanacaq. Çünki bütün bu investisiyalar cəmiyyətə yalnız müdafiə istehsalı və hərbi-sənaye bazası baxımından deyil, həm də innovasiyalar və digər sahələr baxımından fayda gətirəcək”, – NATO-nun baş katibi bildirib.