İsrail yeddi gündən sonra Ramallahda fəaliyyət göstərən niderlandlı diplomatların diplomatik imtiyazlarını və onlar tərəfindən verilmiş akkreditasiyaları ləğv edəcək. Bu, Niderlandın İordan çayının qərb sahilində, Şərqi Qüdsdə və Colan təpələrində fəaliyyət göstərən İsrail şirkətlərinin məhsullarının idxalına qüvvəyə minmiş qadağasına cavab olaraq həyata keçiriləcək.
"PostMedia" xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar açıqlayıb.
“Niderland fələstinlilərlə bağlı maraqlarını təmsil etməyə davam etmək istəyirsə, bunu İsrail Dövlətinin ərazisindən deyil, Fələstin Administrasiyasının ərazisindən edə bilər”, – Saar “X” sosial şəbəkəsində yazıb.
İsrail naziri həmçinin bildirib ki, ölkə onun əleyhinə yönəldiyini hesab etdiyi addımları görməzdən gəlməyəcək. “İsrailə qarşı düşməncəsinə və birtərəfli şəkildə hərəkət edən istənilən ölkə regionda öz təsirini və əhəmiyyətini itirəcək”, – deyə o qeyd edib.
İsrailin bu qərarı Niderlandın Amsterdamın işğal olunmuş ərazilər hesab etdiyi ərazilərdə fəaliyyət göstərən İsrail şirkətlərinin məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətlərə cavab olaraq qəbul edilib. Qadağa İordan çayının qərb sahilində, Şərqi Qüdsdə və Colan təpələrində fəaliyyət göstərən şirkətlərə şamil olunur.
“The Times of Israel” yazır ki, bu, münasibətlərin pisləşməsi fonunda İsrailin Niderlanda qarşı atdığı ilk addım deyil.
Ötən ay İsrail hakimiyyəti niderlandlı rəsmilərin Kiryat-Qat şəhərində yerləşən Qəzzaya Beynəlxalq Dəstək Mərkəzinə səfər etməsinə icazə verməyib. Bu qərar Niderland hökumətinin İsrail yaşayış məntəqələrinə qarşı ticarət məhdudiyyətləri tətbiq edəcəyini açıqlamasından sonra verilib.
Saar həmçinin Niderland hökumətini ölkədə antisemitizmin artmasına şərait yaradan siyasət yürütməkdə ittiham edib. Niderland hakimiyyəti isə tətbiq olunan tədbirləri İsrailin Fələstin ərazilərinə münasibətdə siyasəti ilə əlaqələndirir.