London meri Sadiq Xan Böyük Britaniyanın Baş naziri Endi Börnhəmi ölkənin Avropa İttifaqına mümkün qayıdışına hazırlığa artıq indidən başlamağa çağırıb.
"PostMedia" xəbər verir ki, bunu o, “The i Paper”a müsahibəsində qeyd edib.
Onun sözlərinə görə, Leyboristlər Partiyası bu öhdəliyi növbəti parlament seçkilərinin proqramına daxil etməlidir.
“Bu işə indi başlamalıyıq. Ümumi seçkilərə bir həftə qalmış papaqdan dovşan çıxarıb seçki manifesti şəklində ortaya qoymaq və altı həftə sonra yenidən (Aİ-yə) qoşulacağımızı demək olmaz”, – deyə Xan bildirib.
London merinin fikrincə, seçkilərə qədər ictimai rəylə işləmək və britaniyalılara ölkənin Aİ-dən çıxmasının nəticələrini, Avropa İttifaqına yenidən qoşulmağın hansı üstünlüklər verə biləcəyini izah etmək lazımdır.
“Əsas iş indi görülməlidir: ölkəyə Avropa İttifaqından kənarda qalmağın mənfi tərəflərini və bu ailənin bir hissəsi olmağın üstünlüklərini izah etmək lazımdır”, – deyə Xan qeyd edib.
2016-cı ildə Böyük Britaniyanın Aİ üzvlüyünü qoruyub saxlamasının tərəfdarı olan Xan britaniyalılara Aİ-dən kənarda qalmaq istəyib-istəmədiklərinə qərar vermək üçün “ikinci şans” verilməli olduğunu da bildirib.
Onun açıqlaması “Brexit” tərəfdarlarının tənqidinə səbəb olub. “Reform UK” partiyasından deputat Endryu Rozindell bildirib ki, Xan 2016-cı il referendumunun nəticəsinə yenidən baxmağa çalışır. Həmin referendumda seçicilərin əksəriyyəti Böyük Britaniyanın Aİ-dən çıxmasına səs vermişdi. Deputat əlavə edib ki, mer bunun əvəzinə Londonun problemləri ilə məşğul olmalıdır.
“Unite” həmkarlar ittifaqının baş katibi Şeron Qrehem də “Brexit”in yenidən nəzərdən keçirilməsinə qarşı çıxıb. O, “Sky News”a müsahibəsində britaniyalıların artıq Aİ-dən çıxmaq lehinə mövqelərini ifadə etdiklərini bildirib. Bununla yanaşı, Qrehem mümkün olduğu yerlərdə Avropa ilə daha sıx münasibətlər qurmağa çağırıb.
Xanın çağırışı Böyük Britaniyanın keçmiş baş naziri Toni Blerin oxşar açıqlamasından sonra səslənib. O, ötən həftə bildirib ki, ölkə Brüssellə tədricən yaxınlaşmaqla kifayətlənmək əvəzinə, növbəti onillik ərzində Aİ-yə qayıtmağa çalışmalıdır.
Bununla yanaşı, Börnhəm hələlik Böyük Britaniyanın Aİ-yə qayıtmasına çağırış etməyib. Leyboristlər Partiyasının 2024-cü il seçki manifestində vahid bazara, gömrük ittifaqına və insanların sərbəst hərəkətinə qayıtmamaqla bağlı öhdəliklər yer alıb.