Macarıstan parlamenti mobil telefon oğurlamaqda ittiham olunan Baş nazir Peter Magyarı deputat toxunulmazlığından məhrum edib. Deputatlar hökumət başçısının cinayət təqibindən toxunulmazlığının ləğvi ilə bağlı prokurorluğun vəsatətini səs çoxluğu ilə təmin ediblər və bundan sonra onun barəsində cinayət işi açıla bilər.
"PostMedia" xəbər verir ki, bu barədə parlamentin spikeri Aqneş Forsthoferer "M1" telekanalında yayımlanan növbədənkənar iclas zamanı bildirib.
“Bu qərarın lehinə 139 nəfər səs verib. Əleyhinə və bitərəf səs verən olmayıb”.
Prokurorluğun vəsatətini hakim “Tisa” və ifrat mühafizəkar “Bizim Vətənimiz” partiyalarının deputatları dəstəkləyib. Müxalifətdə olan “FİDES – Macarıstan Vətəndaş İttifaqı” və xristian-demokratların fraksiyaları iclasa qatılmayıb. Onlar gündəliyə həmçinin Viktor Orban hökumətinin keçmiş nazirləri olan iki deputatın toxunulmazlıqdan məhrum edilməsi məsələsinin daxil edilməsinə etiraz olaraq iclası boykot ediblər.
Magyar təkcə baş nazir vəzifəsini tutmur, həm də parlamentin deputatıdır. Onun rəhbərlik etdiyi “Tisa” partiyası parlamentdə mandatların üçdə ikisindən çoxuna sahibdir.
Magyar özü deputat toxunulmazlığının ləğv edilməsini istəyib. O, istintaqla əməkdaşlığa hazır olduğunu və qorxacağı heç nəyin olmadığını bildirib.
2024-cü ilin iyununda Magyar gecə klubunda onu lentə alan şəxsin mobil telefonunu əlindən alaraq Dunay çayına atıb. Baş nazir iddia edir ki, keçmiş hakimiyyət onun əleyhinə təxribat təşkil etməyə çalışıb.