Kanada hökumətinin başçısı Mark Karni ölkə hakimiyyətinin hələ yaxın vaxtlara qədər ABŞ tərəfindən mümkün hərbi hücum ssenarisini nəzərdən keçirdiyini təsdiqləyib. Baş nazir bildirib ki, ABŞ-nin Kanadaya müdaxiləsini ən mümkün ssenari hesab etmək olmaz, lakin bunu ümumiyyətlə nəzərə almamaq “məsuliyyətsizlik olardı”.
"PostMedia" xəbə verir ki, Karni “The New York Times”a müsahibəsində bunu adi “risklərin idarə edilməsi” adlandırıb.
Kanada baş nazirinin bu açıqlaması Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Kanadaya Aİ ilə daha sıx əlaqələr qurmağı təklif etməsindən cəmi bir həftə sonra səslənib. “Bild” yazır ki, ABŞ Prezidenti Donald Tramp bu addımı mümkün “düşmənçilik aktı” adlandırıb.
Ottava ilə Vaşinqton arasında münasibətlər son aylarda ciddi şəkildə gərginləşib. ABŞ bir sıra Kanada mallarına 50 faizlik gömrük rüsumları tətbiq edib, Donald Tramp isə dəfələrlə Kanadanın 51-ci ştata çevrilməsi ehtimalından danışıb.
Bununla yanaşı, iki ölkə tarixən sıx münasibətlərə malikdir və aralarında dünyanın ən uzun müdafiə olunmayan quru sərhədi yerləşir. Eyni zamanda, hərbi potensial baxımından böyük fərq var: ABŞ-də təxminən 1,3 milyon aktiv hərbi qulluqçu olduğu halda, Kanadanın nizami və ehtiyat qüvvələrinin ümumi sayı 100 mindən bir qədər çoxdur.