Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “kağız sultan”dır.
"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Kats Türkiyə liderinin Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışından sonra özünün "X" hesabında yazıb.
Kats Ərdoğanı HƏMAS-ı maliyyələşdirməkdə və dəstəkləməkdə ittiham edib, həmçinin Türkiyə prezidentinin “Osmanlı imperiyasını bərpa etməyi” arzuladığını bildirib.
“O, indi Səudiyyə Ərəbistanını qorumaq üçün “Məkkə sazişi”ni imzalayıb. Lakin husilər Məkkəyə doğru raketlər atanda və onun sözünün üstündə durmasının vaxtı çatanda, havaya buxarlanıb”, – Kats bildirib.
Kats eyni zamanda Türkiyə prezidentini İsrailə qarşı təxribatlara son qoymağa çağırıb.
“İsrail güclüdür və özünü necə müdafiə etməyi bilir. Biz kürdlər deyilik, nə də onun Türkiyədə indiyədək təzyiq göstərməyə davam etdiyi ümidsiz insanlar deyilik”, – nazir bildirib.
Ərdoğan çərşənbə axşamı BMT Baş Assambleyasında çıxışı zamanı Birləşmiş Millətlər Təşkilatının artıq sülhün qorunması ilə bağlı öhdəliyini tam şəkildə yerinə yetirmək iqtidarında olmadığını bildirib və Təhlükəsizlik Şurasında islahatlar aparmağa çağırıb.
O, Qəzzada vəziyyəti də pisləyib. “Qəlbində insanlıq, mərhəmət və şəfqət olan, ədalət hissi və vicdanla hərəkət edən heç kim orada baş verənlərə göz yuma bilməz”, – Ərdoğan bildirib.
O, Fələstini tanımayan ölkələri mövqelərinə yenidən baxmağa, bütün dövlətləri isə Qəzzadakı müharibəyə son qoyulması üçün İsrailə təzyiqi artırmağa çağırıb. Ərdoğan orada baş verənləri “dövrümüzün ən qeyri-insani və ən biabırçı konsentrasiya düşərgəsi” adlandırıb.