ABŞ prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retklifi danışıqlar aparmaq üçün şəxsən Moskvaya göndərib.
"PostMedia" xəbər verir ki, bu barədə məlumatlı mənbələr "The Wall Street Journal"a bildiriblər. Onların sözlərinə görə, "Ağ Ev"in rəhbəri bu barədə əvvəlcədən hətta etibarlı köməkçilərinə və hərbi komandanlığa da məlumat verməyib. Nəticədə onlar Retklifin Rusiyaya hansı mesajla getdiyindən xəbərsiz olublar.
"The New York Times"ın səfərin gedişindən məlumatlı mənbələri bildiriblər ki, MKİ direktoru Moskvada Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikovla görüşüb. O, Ukraynadakı cəbhə vəziyyəti ilə bağlı "qəmgin" qiymətləndirməni təqdim edib və Rusiyanın hərbi və iqtisadi vəziyyəti daha da pisləşməzdən əvvəl müharibənin dayandırılması ilə bağlı razılaşma əldə etməyə çağırıb.
Bortnikovla görüşdən əvvəl Retklif, NYT mənbələrinin məlumatına görə, Ukrayna tərəfi ilə danışıqlar aparıb və Moskvanın mövqeyini öyrənəcəyini, güzəştlərə getmək üçün Rusiyaya səfər etmədiyini bildirib.
CIA rəhbəri avqustun 25-də gözlənilmədən Rusiyaya səfər edib. Kreml əvvəlcə Vnukovo hava limanına enən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə barədə heç nə bilmədiyini açıqlasa da, daha sonra Retklifin "xüsusi xidmət orqanları arasında təmaslar" üçün Moskvaya gəldiyini təsdiqləyib.
Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin də MKİ direktoru ilə görüşü barədə danışaraq bildirib ki, onlar "kəşfiyyat xidmətlərinin səlahiyyətləri çərçivəsində olan bir sıra məsələləri" müzakirə ediblər.
Bundan əvvəl WSJ və Politico mənbələrə istinadən yazmışdılar ki, Retklif Rusiya xüsusi xidmət orqanlarının nümayəndələri ilə görüşləri zamanı Moskvanı NATO ölkələrinə mümkün hücumlarla bağlı xəbərdar edib. Xüsusilə, söhbət Rusiya ilə həmsərhəd Estoniya, Latviya və Litvaya qarşı hər hansı aqressiyanın yolverilməzliyindən gedib.
Bundan başqa, MKİ rəhbəri Rusiyanı İrana hərbi və iqtisadi dəstək göstərməməyə çağırıb.
Tramp Retklifin Rusiyaya səfərini "adi işgüzar görüş" adlandırıb. Lakin Vaşinqtona qayıtdıqdan sonra MKİ rəhbəri "Ağ Ev" rəhbərinin təhlükəsizlik və güc strukturlarının nümayəndələri ilə keçirdiyi qapalı müşavirədə iştirak edib.
Müşavirədə Pentaqonun rəhbəri Pit Heqset və ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keyn də iştirak edib. Görüş təxminən üç saat davam edib.